Biz daha ağıllı oynamalıyıq

Sərhəddəki təxribatlarda iki mümkün senarinin izləri görünür

"Əgər sərhəddə təxribatların arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır. Məqsəd Koçaryan və adamlarını küçədən hakimiyyətə gətirməkdir"


“Ermənistan 44 günlük Vətən savaşı zamanı hərbi əməliyyatlar Azərbaycanın suveren ərazilərində getdiyi üçün KTMT-ni müharibəyə cəlb edə bilmədi”. 
Bu sözləri ReAL Partiyasının sədr müavini Natiq Cəfərli söyləyib. Partiya təmsilçisi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə dilə gətirib ki, qondarma “Qarabağ respublikasını” heç Ermənistan da tanımayıb, döyüşlər de-yure Azərbaycan ərazisində gedir, ona görə də KTMT prosesə qarışa bilməz: “Əgər sərhəddə baş verən provokasiyaların arxasında Paşinyanın özü dayanırsa, məqsədi Ermənistan cəmiyyətinə bir daha göstərməkdir ki, KTMT və Rusiya ciddi müttəfiq deyil. Yəni demək istəyir ki, “bizə dəstək olmurlarsa, niyə o təşkilatda olmalıyıq?!”.

Sərhəddə irimiqyaslı döyüşlər olsa da, KTMT müdaxilə etməyəcək, indiki şəraitdə bu, mümkün deyil. Ordumuzun istənilən uğurlu əməliyyatı Ermənistanın Kremldən qopmasını və yekun sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Yox əgər sərhəddə təxribatların arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır.

Məqsəd Koçaryan və adamlarını küçədən hakimiyyətə gətirməkdir. Paşinyanın seçkiləri qazanması və bundan sonra Avropa Birliyi, Fransa ilə daha sıx yaxınlaşması qıcıq yaradır, bunu aydın sezmək olar. Bəs biz nə etməliyik?

Görünən odur ki, hər iki senaridə Azərbaycanın hərbi üstünlüyünü artırmaq üçün şansları var. Amma biz daha ağıllı oynamalıyıq, eyforiyaya qapılmamalı, populist addımlardan çəkinməli, Kremlin heç bir oynuna gəlməməliyik”. 

Siyasi şərhçi bildirib ki, bizim üçün dayanıqlı sülh, sərhədlərin tanınması və əlaqələrin açılması prioritetdir:

“Zəngəzura, Göyçəyə, İrəvana tank-topla qayıtmaq kimi populist yanaşmanı kənara qoyub, o qədim torpaqlara güclü iqtisadiyyatla, artan demoqrafik üstünlüklə, hüquqi dövlət qurmaqla dönməliyik. Bunun yolu uzundur, amma dayanıqlı və ağıllı yoldur. Bölgəmizdə gərginlikdən bəslənən bir ac “canavar”, daha doğrusu, “ayı” var. “Ayının” min oyunu gərginliyi bəsləmək üçündür. Bunu bilək və ona uyğun davranaq. Azərbaycan de-yure və de-fakto ittifaqları gücləndirir. Bu, çox yaxşıdır.

Lakin Kreml seçki yolu ilə əldə edə bilmədiyini hərbi-siyasi gərginliklə əldə edərsə, Koçaryan kimi canini hakimiyyətə gətirsə, o zaman sərhəddə təxribatların sayı daha da artacaq”.