“Hücum diplomatiyası davam etməlidir”
“Vətən Müharibəsi günlərində də Kreml belə təkliflərlə çıxış edərək ordumuzun irəliləyişini dayandırmaq, erməniləri xilas etməyə çalışırdı”
“Məntiqi və sərfəli sonuclara nail olmaq üçün qətiyyən dayanmaq olmaz”
"Ermənistanla sərhəd boyunca vəziyyət gərgin olaraq qalır. Faktiki olaraq ötən ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan bəri ən mürəkkəb və qarışıq dönəmi yaşayırıq".- Bu sözləri jurnalist, siyasi analitik Elçin Alıoğlu deyib.
O, son proseslər barədə daha ətraflı "Sherg.az"a danışdı: "Yenə ermənilər aqressiv bəyanatlar verirlər, yenə mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan və hətta tanklardan atəşə tuturlar, yenə Arsrun Hovannisyan sərsəm bəyanatlar yayır, yenə Nikol Paşinyan hansısa "sonadək müdafiə"dən bəhs edir.
Hər şey sanki təkrarlanır, ötən ilin sentyabrın 27-dəki ərəfədəki situasiya deja-vyu formasına çevrilir. İş o yerə çatıb ki, Ermənistanda "hərbi-texniki potensialın səfərbərliyi"ndən, "aqressiyanın qarşısını alaraq düşmənə sarsıdıcı zərbə endirmək"dən bəhs olunur".
E.Alıoğlunun sözlərinə görə, işin arxasında başqa qüvvələr var:
"Ermənistan rəhbərliyi hər vəchlə Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli komissiyasının işini dalana dirəməyə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı işləri dayandırmağa, Zəngəzur dəhlizi məsələsini idefiksə çevirməyə, sərhəd boyunca vəziyyəti maksimum gərginləşdirməyə çalışır. Ermənistan bütün bunları özbaşına, fərdi təşəbbüsü ilə etmir. İrəvana bunları etdirirlər. Daha doğrusu, "Dördgünlük müharibə", Tovuzda ermənilərin hücum cəhdləri və sonra da 44 günlük Vətən Müharibəsi ərəfəsində olduğutək Fransa İrəvanı bol vədlərlə uçuruma sürükləyir".
Analitik müxtəlif dairələrin məqsədlərini belə izah etdi: "Fransa nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə, həmsədri olduğu Minsk Qrupunu diriltməyə və olmayan Qarabağ münaqişəsini gündəmə gətirməyə çalışır. Məqsəd bölgədə real güc olan Rusiya və Türkiyənin təsir imkanlarını zəiflətmək, xüsusilə də üçtərəfli bəyanatın imzalanmasında vasitəçi rolunu oynamış Rusiyanı regional geosiyasi "rıçaq"lardan məhrum etməkdir. Avropa Birliyi isə Fransa vasitəsilə bölgədə möhkəmlənmək, Rusiyanı bacarıqsız, Azərbaycanı "Minsk Qrupunun səlahiyyətlərinin real implementasiyasına imkan verməyərək aqressiv mövqe tutan" tərəf elan edərək regiona daxil olmaq, itirdiyi geosiyasi mövqeləri geri qaytarmaq istəyir. Rusiyanın hakimiyyət dairələrindəki bəzi qüvvələr Ermənistana bol vədlər, imkan olan kimi də silah və hərbi texnika verərək İrəvanın Moskvanın təsir orbitindən çıxmasına, forpost olduğunu unutmasına imkan verməməyə çalışırlar.
Nikol Paşinyan vəziyyətdən maksimum bəhrələnməyə çalışır. O, bir tərəfdən Moskvadakı "hami"ləri ilə "oyun"u davam etdirir, digər tərəfdən Fransadan dəstək alaraq gələcək addımlarını Parisin tələblərinə uyğun korrektə edir. Eyni zamanda, Paşinyan yaranmış situasiyadan daxili siyasətdəki mövqelərini möhkəmləndirmək üçün istifadə edir. Təsadüfi deyil ki, sosial şəbəkələrdə dünənədək Paşinyanı lənətləyən ermənilər indi "Əclaf olsa da, öz əclafımızdır, onu dəstəkləyək, Azərbaycana imkan verməyək" deyirlər.
İran situasiyanı diqqətlə izləyir, hələlik aktiv müdaxilədən çəkinir. Fəqət, əsla şübhə yoxdur ki, azacıq, cüzi imkan yaranan kimi Tehran mütləq "oyun"a atılacaq və Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq üçün arsenalındakı bütün vasitələrdən istifadə etməyə çalışacaq".
Jurnalistin fikrincə, Azərbaycan qətiyyətli olmalıdır:
"Yaratdığımız yeni reallıqları qorumaqla bahəm, mövqelərimizi daha da səbatlı, dayanıqlı etmək üçün mümkün qədər fəallaşmalıyıq. Hücum diplomatiyası davam etməlidir. Rəsmi Moskvanın "atəşkəs təklifləri"nə bel bağlamaq olmaz: Vətən Müharibəsi günlərində də Kreml belə təkliflərlə çıxış edərək ordumuzun irəliləyişini dayandırmaq, erməniləri xilas etməyə çalışırdı. Proses yüksələn xətt üzrə inkişaf edir. Məntiqi və sərfəli sonuclara nail olmaq üçün qətiyyən dayanmaq olmaz. Nəticə isə olacaq. Əksi sadəcə, mümkün deyil".