Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində bu gün Cıdır düzündə olublar.
Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Millət vəkili Fazil Mustafa sözügedən səfər barədə “Sherg.az”a danışdı:
“Bunun əhəmiyyəti böyükdür. İndiyədək Azərbaycan, Türkiyə və Pakistan arasında ikitərəfli münasibətlər yüksək səviyyədə idi. Bu gün isə üçtərəfli model yarandı. Üç ölkənin təmsilçi qurumlarının bir araya gəlməsi cəmiyyətlərin birləşməsi deməkdir. Üç güclü dövlət artıq bölgədə söz sahibidir. Bu, gələcəkdə birlikdə hərəkət etməyə təminat verir. Fikrimcə, hökumətlər “Bakı Bəyannaməsi”ndən irəli gələn konkret sənədlər qəbul edəcək və onun icrasına çalışacaqlar”.