Bundan sonra Minsk qrupundan xeyrimizə istifadə etmək məchuldur



Rusiya ilə işləmək müəyyən problemlərin həll edilməsinə təkan verə bilər

“Sərhəddəki təxribatların məqsədi bəllidir. Beynəlxalq güclər Azərbaycanı Minsk qrupunun fəaliyyətinin bərpa edilməsinə məcbur etmək istəyirlər”. Bunu “Şərq”ə açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib. Professor bildirib ki, Qarabağın işğaldan azad olunmamış hissəsinin “taleyi” ilə bağlı oyunlar oynanılır:

“Rusiya onsuz da bölgədədir, amma proseslər diktə edir ki, o da Fransa və ABŞ-la rəqabətdə beynəlxalq oyun qaydalarına uyğun addımlasın. Azərbaycanın Minsk qrupunun təkrar regiona müdaxiləsinə qarşı dirənişi hansı nəticələr verəcək bəlli deyil. Bundan xeyrimizə istifadə etmək məsələsi məchuldur. Ancaq bir şey aydındır ki, Qarabağ məsələsinin həll edildiyi faktını müdafiə etməyə davam etməliyik. Onların müdaxilə etmək imkanlarını minimuma endirmək üçün Rusiyanın atdığı addımları da götür-qoy etməliyik”. 

Q.Çaxmaqlı bildirib ki, rus sülhməramlıları burdadır və onları çıxartmaq imkanımız hələ yoxdur:

“Rusiya ilə işləmək müəyyən problemlərin həll edilməsinə təkan verə bilər. Əlbəttə, burada söhbət əməkdaşlıqdan getmir, sadəcə bəzi məsələlərdə birgə işləmək lazımdır. Gələcək proseslərə isə Türkiyənin aktiv şəkildə daxil edilməsinə çalışmalıyıq. Azərbaycan israr etməlidir ki, Minsk qrupunun həmsədrlərindən biri mütləq Türkiyə olsun. Kapitulyasiya sənədini imzalamış Ermənistanı növbəti təxribatlara sürükləyən Qərbi zərərsizləşdirmək üçün isə diplomatiyamızdan ciddi fəallıq tələb olunur”.