“Böyük Britaniyanın Baş Qərargah rəisi Nikolas Karter tez-tez Pakistanın Ravalpindi şəhərinə səfərlər edir. Sual oluna bilər: Burada qeyri-adi nə var ki? Bu ki, adi bir qaydadır, niyə təəccüblü gəlir? Düzdür, ilk baxışda elədir, lakin bəzi məqamlar var ki, gözardı edilir, biz o məqamlara nəzər yetirəndə və onları incələyəndə tamamilə fərqli nəticəyə gəlmək üçün arqumentlər yaranır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi, jurnalist Aqşin Kərimov söyləyib.
O, bildirib ki, öncəliklə zəruri bir qeyd etmək lazımdır-Britaniya dünya siyasətindəki istiqamətləri müəyyənləşdirən və oxları dəyişə bilən gücdür, dünyanın çoxşaxəli siyasi sistemində Britaniyanın çəkisi əhəmiyyətlidir:
“Britaniya İkinci Dünya Müharibəsindəki qələbənin qazanılmasında böyük rol oynayıb. 1962-ci ildə SSRİ öz nüvə başlıqlı raketlərini Kubada yerləşdirəndə də ABŞ bu barədə həyəcanverici məlumatları Britaniyadan almışdı. SSRİ-nin dağılmasını sürətləndirən Berlin divarının sökülməsində də Britaniyanın Almaniyada apardığı gizli fəaliyyətin mühüm rolu olub.
Niyə Britaniya güclüdür? Çünki Britaniyanın güclü kəşfiyyat sistemi var, MI6 dünya kəşfiyyatında meydanoxuyucu tərzə malikdir. Bunları niyə deyirik? Məsələni o nöqtəyə gətiririk ki, Azərbaycan-Türkiyə-Pakistan üçbucağının arxasında Britaniyanın dəstəyi və ideya istiqamətləri var.
İnanmırsınız? Gəlin, bəzi faktları qeyd edim, ondan sonra seçim etmək hüququnuzdan istifadə edib yanlış və ya düz nəticəyə gəldiyimə dair fikir yürüdün:
Birincisi, Britaniya kəşfiyyatı (MI5 və MI6) Londonun şimalındakı hərbi bazada Pakistanın xüsusi xidmət orqanlarının əməkdaşlarına təlim keçir.
İkincisi, Britaniya 2020-ci il ərzində Pakistan ordusuna 57 kurs keçib, bura hərbi psixoloji əməliyyatlar və birgə informasiya əməliyyatları mövzuları da daxildir,.
Üçüncüsü, Britaniya, Pakistanı Əfqanıstandakı terror qruplarının zərərsizləşdirilməsində həyati əhəmiyyətli partnyor kimi dəyərləndirir.
Dördüncüsü, 2020-ci ilin iyulunda MI6-ya Britaniyanın Türkiyədəki səfiri Riçard Mur rəhbər gətirildi.
Beşincisi, Britaniya Azərbaycan iqtisadiyyatına investisiyaların həcmini çoxaldıb və işğaldan azad edilmiş ərazilərindən BP-nin iştirakının güclənməsi istiqamətində “baş sındırılır”.
Rəqəmləri çoxaltmaqla siyahını genişlədə bilərik, amma məsələnin Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı rolunu dəyərləndirmək üçün fikrimizi inkişaf etdirmək daha məqsədəuyğun olardı”.
A.Kərimov qeyd edib ki, Nikolas Karter Pakistana səfərləri zamanı çox isti qarşılanır, bu, Pakistan ordusunun qüdrətlənməsində İslamabadın Londona jestinin göstəricisidir:
“Bəs Azərbaycan? İndi təsəvvür edin, Pakistan və Azərbaycan hərbi komandanlıqları da qarşılıqlı səfərlər gerçəkləşdirir. Azərbaycanın İkinci Qarabağ Müharibəsindən sonra isə bu səfərlərin xarakteri fərqli nəticəyə gətirdi: Artıq Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri ideyadan praktikaya keçid etdi və bu, İranda bərk narahatlıq yaratdı. Sözsüz ki, Pakistan Britaniya kəşfiyyatı və ordusundan mənimsədiyi təcrübəni Azərbaycanla da, Türkiyə ilə də bölüşür, ümumiyyətlə hər üç ölkə Britaniya siyasətinin yaxınında qərarlaşıb. Bəs Britaniya bu üçbucağı niyə yaradır? Britaniya dövləti çox dərin düşünür, yəqin ki, hələ bir neçə il öncə Britaniya Talibanın Əfqanıstanı ələ keçirəcəyini hesablamışdı. Yarana biləcək yeni geosiyasi mənzərədə isə Britaniya itirmək istəmir, buna görə də, ona dünya siyasətində yeni güc mərkəzlərinə çevrilə bilən ittifaq yaratmaq lazımdır.
Pakistan Britaniya üçün Asiyaya açılan ən münbit platformadır, Britaniya əlini gücləndirmək üçün Bakı və Ankaranı da prosesə cəlb edir ki, güclü ittifaq (hələlik ittifaq deyil) perspektivdə Britaniyanın qlobal müdafiə qabiliyyətini artırsın.
İranın bir narahatlığının səbəbi məhz Britaniya amilinə dayanır, ona görə, səbəbini deməsə də, Bakı-Ankara-İslamabad birliyini özünə qarşı təhdid kimi dəyərləndirir.
Üçbucağın Cənubi Qafqaz regionundakı birbaşa hədəfində isə Ermənistan çox xırda amildir, əsas hədəf Rusiyadır. Rusiyanın təsir dairəsinin zəiflədilməsi, Britaniyanın bu üçbucağı regionda əhəmiyyətli gücə çevirməsindən keçir. Xüsusi təyinatlıların birgə məşqlərinin keçirilməsi də qlobal güc balansındakı nisbəti Britaniyanın dəyişdirilməsinə hesablanıb. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə də Bakının regional gücə çevrilməsi yolunda müddəalar salınıb, söhbət Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilməsindən gedir.
Məgər Təhlükəsizlik Şuraları təkcə Azərbaycana təhdid olandamı toplanacaq? Təbii ki, xeyr, burada Türkiyənin regional maraqlarının təminindən də söz gedir, axı Türkiyə özü də bir neçə ölkədə hərbi əməliyyatlar aparır.
Hələlik bu qədər, qısa deyim ki, faktlar çoxdur, onların uzlaşdırılması, məlumatların tutuşdurulub analiz olunması çox vaxt aparar, gələcək yazılarımızda mövzunu inkişaf etdirməyə çalışacağıq”.
Yeganə Bayramova