Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibə verib. Dövlət başçısı, həmçinin 44 günlük müharibədə qələbəmizi şərtləndirən əsas amillərdən danışıb. Azərbaycan lideri bildirib ki, Azərbaycanda təkmil siyasi idarəetmə, dövlətin uzaqgörən, prinsipial siyasəti bizim daxili və xarici diplomatiyada böyük uğurlar əldə etməyimizə zəmin yaradıb:
“Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması, 2003-cü ildən başlayaraq həyata keçirilən iqtisadi siyasətin əhəmiyyəti xüsusu vurğulanıb. Dövlət başçısı deyib ki, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resurslarını səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı, xalq-iqtidar birliyi, milli həmrəylik zəfərimizi təmin etdi”.
Bu barədə “Sherg.az”a danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə xalqımızın tarixi qələbə üçün uzun illər böyük işlər gördüyünü xatırlatdı:
“Dövlətin neft strategiyası iqtisadi imkanlarımızı artırıb. Nəticədə Azərbaycan ordusu bölgənin ən güclüsü olub. Türkiyə silahlı qüvvələri ilə birlikdə ən yüksək hərbi texnologiyalara, dərin təcrübəyə yiyələnmişik. Vətənpərvər gənc nəslimiz qələbəmizi təmin edib. Azərbaycan Prezident, Ali Baş Komandan, ordu və xalq yumruq kimi birləşərək torpaqlarımızı geri qaytarıb, beynəlxalq hüquq normalarını bərqərar edib. Beləliklə, həm də Minsk Qrupunun işlərini yerinə yetirmiş, BMT qətnamələrini icra etmişik. Bizim istəyimiz regionda əməkdaşlıq, sabitlik yaratmaqdır. Xalqımız və ordumuz bunun üçün bütün lazımi şəraiti yaradıb”.
Kənan Novruzov