Ruslar Bakının silah tədarükündən pay almaq istəyir

"Ərdoğan-Putin görüşündən öncə Prezident İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, Bakının bu görüşdən böyük gözləntiləri var: 

"Sərhədin delimitasiyası üzrə müqavilə, sülh sazişinin hazırlanması, Qarabağda Rusiyanın təhlükəli addımlarının dayandırılması və s. Soçi görüşündə bu istiqamətində ciddi addımların atılacağı mümkündür. Xüsusilə Türkiyənin təklif etdiyi “altılıq platforması”nın reallaşması perspektivlərinin aydın göründüyü vaxt ölkə rəhbəri görüş öncəsi Rusiya mediasında mövqeyini bir daha gündəmə gətirir. “Dağlıq Qarabağ” və “status” yoxdur, olmayacaq da. Sərhədin delimitasiyası prosesinin də daxil olduğu sülh sazişi imzalanmalıdır. Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə dövründə olanlar yenidən təkrarlana bilər".

Analitikə görə, müsahibədə əsas məqamlardan biri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığını davam etdirəcəyinə dair Prezidentin dedikləri idi: 

“Müharibədən sonra Rusiyanı narahat edən, Bakı-Moskva xəttində son dövrlər müşahidə olunan gərginliyin səbəbləri sırasında rus silahları da yer alır. Qarabağ məsələsinin bitməsi ilə rusların Cənubi Qafqazda silah bazarı zəiflədi.  Azərbaycan ordusunun modernləşməsi prosesində rus istehsalı silahlara üstünlük verilməyəcəyini anladılar.  Şoyqunun Moskvada Karapetyana “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı da Azərbaycan idi. Ruslar Bakının silah tədarükündən pay almaq istəyir. Bakı da istəyinə nail olmaq üçün Moskvanın istəyi ilə razılaşır: hərbi-texniki əməkdaşlıq davam edəcək. Prezidentin bunu Ərdoğan-Putin görüşündən öncə açıqlaması görüşdən istədiyi nəticəni almaq gözləntisindən irəli gəlir".

İsmayıl Qocayev