Azərbaycan dünyanın bir parçasıdır, qopmaq olmaz


Amma zaman göstərdi ki, Qərb həmişə Ermənistana açıq dəstək göstərib

"Bundan sonrakı mərhələdə də Avropa Şurası, BMT, ATƏT kimi təsisatların Azərbaycanın dərdini həll etmək niyyətləri yoxdur"

Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə başlayıb. Bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hələ də həllini tapmayan münaqişələr var. 

Baş katib bildirib ki, Avropa Şurasının bu bölgələrə maneəsiz daxil olması monitorinq prosesi üçün vacibdir. Buriç qeyd edib ki, etimadın qurulması tədbirləri tərəflər arasında münaqişənin həll olunması üçün ən vacib amillərdən biridir və hər iki dövlət buna etiraz etmədikcə bu mövzuda işlər davam etdiriləcək: “Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hər iki ölkə ilə danışıqlara başlamışıq”. İndiyədək bir neçə beynəlxalq qurum Azərbaycan-Ermənistan arasında vasitəçi olmaq niyyətini ortaya qoyub. Məsələ ondadır ki, ölkə ictimaiyyətinin beynəlxalq təşkilatlara etimadı demək olar ki, yoxdur. 30 illik acı təcrübə Qərb strukturlarına inamın tamamilə itməsi ilə nəticələnib. O baxımdan əksər beynəlxalq institutların təkliflərinə ciddi yanaşılmır. Lakin rəsmi Bakı hər təşkilatın xoşməramlı təşəbbüsünə xoş niyyətlə cavab verir və sülh istiqamətində gündəmə gətirilən istənilən təklifi təqdirəlayiq hesab edir. Problem isə odur ki, prosesdə gözləntiləri doğrultmayan və bütün təşəbbüsləri baltalayan tərəf Ermənistandır. 

Avropa Şurasının təşəbbüsünü “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, müxtəlif bölgələrdə baş verən münaqişələrin həllində beynəlxalq təşkilatların səyləri adətən yetərli olmayıb. Analitik deyib ki, Avropa Şurası Azərbaycanla münasibətlərdə daha çox ölkədaxili məsələlərə diqqət yetirib: 

“Beynəlxalq qurumlar hansısa məsələdən dolayı rəsmi Bakını ittiham ediblər. 30 ilə yaxın müddətdə işğalçı Ermənistanın cinayətləri, qanunsuz əməlləri ilə bağlı Azərbaycan tərəfinin tələb və istəkləri nəzərə alınmayıb. Doğma yurdlarından qaçqın düşmüş milyonlarla azərbaycanlının hüquqlarının bərpasına çalışmayıblar. Mədəni, dini-tarixi abidələrimizin dağıdılmasına göz yumublar. Ümumiyyətlə, bu tip məsələlərə məhəl qoymayıblar. Nə vaxt bu problemləri qaldırmışıqsa, Avropa Şurası qarşımıza ölkədaxili bəzi çatışmazlıqlarla çıxıb. AŞ qlobal məsələləri kənara qoyaraq, hər ölkənin daxilində olan kiçik problemlərdən yapışıb. Ermənilərin olmayan haqlarını müdafiə ediblər. Açıq-aşkar Azərbaycana qərəzli yanaşma sərgiləyiblər. Hesab edirəm ki, bundan sonrakı mərhələdə də Avropa Şurası, BMT, ATƏT kimi təsisatların Azərbaycanın dərdini həll etmək niyyətləri yoxdur. Çünki qurumların mövqeyində müsbətə doğru dəyişiklik görmürük. Hələ də Ermənistana açıq dəstək ifadə olunur. Zərərçəkmiş kimi azərbaycanlılar yox, ermənilər qələmə verilir”. 

S.Hümbətova görə, Qərb strukturlarının məqsədi bizə bəllidir. Onlar istəyir ki, Azərbaycan-Ermənistan arasında gərginlik daim qalsın, amma nə çox alovlansın, nə də təmiz sönsün: 

“Bu da tərəfləri Qərbdən asılı saxlamaq siyasətidir və demək olar ki, Rusiya ilə bənzər yanaşmadır. ATƏT-in təcrübəsi bizə göstərdi ki, ən ciddi problemlər məhz silahlı qüvvələrin gücü ilə həll olunur. Əlbəttə, beynəlxalq təşkilatlarla əməkdaşlığa birdəfəlik son qoya bilmərik. Azərbaycan dünyanın bir parçasıdır və hər sahədə sürətlə beynəlxalq aləmə inteqrasiya edir. Biz də müəyyən platformalarda beynəlxalq qurumlarla əməkdaşlıq etməli, əlaqələrimizi kəsməməliyik. Yeri gələndə onların təşəbbüslərinə də yaşıl işıq yandırmalıyıq. Amma beynəlxalq təşkilatların prosesə qoşulmasına mövcud problemlərin həlli kimi baxmamalıyıq. Məsələləri kökündən həll etməyin yeganə yolu özümüzə, gücümüzə və təbii ki, dost, qardaş bildiyimiz ölkələrə etimad göstərməkdir. Çalışmalıyıq ki, yekun sülh müqaviləsinin imzalanmasını hansısa qərəzli vasitəçilərin iştirakına yönəltməyək. Azərbaycan öz gələcəyini beynəlxalq təşkilatların ümidinə buraxmamalıdır”. 

İsmayıl Qocayev