Gürcüstan fərqindədir

Azərbaycan və Türkiyəsiz regionda tək qala bilər

Tbilisidə hər üç ölkənin iştirakı ilə reallaşan hərbi təlimlər təhlükəsizliyin təminatıdır

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəzəri və praktiki hissədən ibarət təlimdə üç ölkənin hərbi qulluqçuları regional layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər. Təlimə oktyabrın 8-də yekun vurulacaq.

Üçlü təlimlə bağlı “Şərq”ə danışan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Cənubi Qafqazda vəziyyət qeyri-stabil olaraq qalmaqdadır. Siyasi şərhçinin sözlərinə görə, bu qeyri-stabilliyi yaradan səbəb İranın Azərbaycana qarşı təhdidedici mesajları və cənub sərhədimizdə keçirilən hərbi təlimlərdir: “Azərbaycanın Türkiyə, Gürcüstan və Pakistanla ortaq hərbi təlimləri önəmlidir. Rəsmi Bakının öz təhlükəsizliyinin təmini istiqamətində addım atması mühümdür. 

Türkiyə də davamlı olaraq həm Azərbaycanla, həm də Gürcüstanla taktiki hərbi təlimlər təşkil edir. Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” adlı təlim isə regional təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.

 Ankara konkret olaraq Gürcüstanı öz orbitində saxlamağa çalışır və bölgədə təhlükəsizlik sferasının qorunmasına səy göstərir. Gürcüstan region ölkəsidir və Azərbaycan, Türkiyə ilə mühüm layihələrin iştirakçısıdır. Hər üç ölkə bir neçə istiqamətlərdə strateji tərəfdaşlıq edirlər. Gürcüstan özü də fərqindədir ki, Azərbaycan və Türkiyəsiz regionda tək qala bilər. 

Tbilisi, məhz bu iki ölkə ilə sıx əməkdaşlıq etməklə öz siyasi-iqtisadi təhlükəsizliyini təmin edir”.