Yolları bağlanır...

Gürcüstan İranın yüzlərlə yük maşınlarını sərhəddə saxlayıb

Ekspertlərə görə, bu addım rəsmi Tbilisinin ümumi xarici siyasətinin xarakterindən qaynaqlanır

İran vətəndaşlarının və yük avtomobillərinin Gürcüstana girişi məhdudlaşdırılıb. 
Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsi ilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanılıb. Gürcüstan Sərhəd Xidmətinin əməkdaşlarının İran vətəndaşlarını ölkəyə buraxmaqdan imtina etmələri isə rəsmi Tehranı qıcıqlandırıb. İran XİN-in mətbuat katibi Səid Xətibzadə rəsmi Tbilisinin belə davranışını “yolverilməz və diskriminasiyalı” adlandırıb: 

“Məsələ diplomatik kanallarla ciddi şəkildə müzakirə ediləcək”. Gürcüstanda İran vətəndaşlarına müvəqqəti yaşama izinlərinin verilməsində də sərt məhdudiyyətlər tətbiq olunmağa başlanıb. 

Tbilisi hökumətinin qərarını “Şərq”ə şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, bu addım Gürcüstanın ümumi xarici siyasətinin xarakterindən qaynaqlanır. Ekspertin sözlərinə görə, gürcü siyasətinin formalaşmasında Tbilisinin Qərblə münasibətləri ilə yanaşı, Azərbaycan-Gürcüstan əməkdaşlığı da önəmli faktordur: 

“Əvvəlki dövrlərdə şahidi olmuşuq ki, Gürcüstan İranla bağlı məqamlarda seçimini Qərb istiqamətində edib, Qərbin maraqlarına uyğun addımlar atıb. Elə vaxtlar olub ki, Gürcüstan tərəfi İranı ciddi narahat edən davranışlara yol verdiyi halda Tehrandan ciddi reaksiya gəlməyib. Halbuki, Azərbaycanla bağlı ən kiçik məqamı belə İran tərəfi xüsusi şişirdir, nələrsə uydurur və məsələ ətrafında günlərlə müzakirələr açır. Amma Tbilisinin sərt addımlarına demək olar ki, mövqe sərgiləməyib”. 

Siyasi şərhçiyə görə, Gürcüstan-Azərbaycan-Türkiyə ən uğurlu regional üçtərəfli əməkdaşlığın bir parçasıdır: 

“Gürcüstanın İran və Ermənistanla münasibətlərində müəyyən mənfi nüanslar gözə çarpır. Bu məqam Tbilisinin rəsmi Bakı və Ankara ilə əməkdaşlığından asılıdır. Əlbəttə, iddia etmirik ki, Gürcüstan bütövlükdə öz siyasətini Azərbaycanın maraqlarına uyğunlaşdırır. Ancaq Gürcüstan region ölkələri ilə əlaqələrində Azərbaycan və Türkiyəyə xüsusi önəm verir. İran tırlarına qadağa məsələsində Qərb, eyni zamanda Rusiya amili ilə yanaşı, Azərbaycanla ikili münasibətlər də mühüm rol oynayır”.