Düymə basıldı...

Bakı qazanır, Ermənistan blokadadan çıxarılır

Putinin sərhədlərin müəyyənləşməsi ilə bağlı planında üçüncü qüvvəyə yer yoxdur


"Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir". Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib. Rusiya rəhbəri qeyd edib ki, indi ən vacib məsələ sərhəddəki vəziyyəti həll etməkdir. Putin birmənalı bildirib ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil: 

“İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”. Putin daha sonra əlavə edib ki, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır: “Baş vermiş hadisələrin faciələrinə baxmayaraq, onlar siyasi konyukturadan yuxarı qalxmağı bacardılar və çox məsuliyyətli qərar verdilər. Yenə də Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər. Bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır. Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır”. 

Putinin açıqlaması Azərbaycanda müzakirələrə səbəb olub. Ekspertlərə görə, Putinin səsləndirdiyi fikirlər içərisində ən rasionalı Rusiya ordusunun Baş Qərargahında xəritələrin olması ilə bağlıdır. Vurğulanıb ki, hələ Sovet dövründə 15 müttəfiq respublikanın sərhədləri o xəritələrdə dəqiq göstərilib. 

Bu mənada həmin xəritələrdən istifadə edilməsi sərhəd probleminin aradan qalxmasına kömək edə bilər. Ancaq Putin bu məsələdə qarşılıqlı kompromis kimi ilkin baxışdan anlaşılmaz görünən ifadələr də işlədib. Sərhəd məsələsinin təmin edilməsində Rusiya faktorunu xüsusi qabardıb. Rusiya həmsədr ölkələrdən biridir, eyni zamanda keçmiş xəritələr məhz Moskvanın əlindədir. Hiss olunur ki, Rusiya post-müharibə dövründə həllini gözləyən əsas məsələlərdə daha çox mövqe üstünlüyü uğrunda mübarizə aparır. Putinin verdiyi açıqlama məhz bu istəkdən qaynaqlanır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında qeyd edib ki, Putinin “Valday” klubunda çıxışı Bakı və İrəvan arasında Moskva vasitəsilə qurulan masadakı prioritetləri aydınlaşdırır. Analitikin sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizini istəyir və Putin bunun Ermənistan üçün ilkin vəzifələrdən biri olduğunu deyir: 

“Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda - blokadadan çıxmaqda maraqlıdır. Bu o deməkdir ki, İrəvana blokadadan çıxmaq üçün əsas şərt kimi Zəngəzur dəhlizinin açılması irəli sürülüb. Bu məsələdə Moskva, Ankara və Bakının gündəliyi eynidir. Əlaqələrin qurulması həm də bölgədə uzunmüddətli nizamlanma üçün başlanğıc olacaq. Lakin öncə sərhədlərin delimitasiyası reallaşmalıdır. Putinin “indi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır” açıqlaması da bu yöndədir. Bu, Bakının uzunmüddətli nizamlamada başlanğıc şərtidir. Kommunikasiyanın açılmasının bütün tərəflərin əsas ehtiyacı olması reallığı Azərbaycanın əlini gücləndirir və sərhədlərin müəyyənləşməsi Qarabağ məsələsində də istəyimizə nail olmağa zəmin yaradacaq”. 

Ekspert vurğulayıb ki, Putinin “sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri sərhəd məsələsində xəritənin birdən çox olduğunu göstərir: 

“Tərəflər delimitasiyanın hansı xəritə əsasında aparılması üzərində müzakirə edirlər. Qeyri-rəsmi məlumatlara görə, delimitasiyada 1975-ci ilin xəritəsi əsas götürülür. Putin bildirir ki, “orada qarşılıqlı güzəşt tələb edən məsələlər var”. Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz. İşğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir. Hərçənd, tərəflərin razılaşmadığı bir neçə məqam ola bilər. Qaragöl - Ermənistan Azərbaycan ordusunun çıxdığı dövlət sərhədindən geri çəkilməsini istəyir. Ermənistan Kəlbəcər istiqamətində zəbt etdiyi ərazilərdən çəkilmir. 

Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi Azərbaycana təhvil verilməlidir. Lakin Ermənistan 7+1 kəndə qarşı SSRİ-də “erməni anklavı” hesab edilən Gədəbəyin Başkənd kəndini istəyir. Bakı delimitasiyanın 1975-ci ildən öncəki xəritələrə əsasən aparılmasını tələb edir. Bakının Avropa İttifaqını, İrəvanın Minsk qrupunu sərhəd məsələsinə cəlb etmək istəyi də masada alternativ təqdim etmək və əlini gücləndirməyə hesablanmış gediş kimi görünür. Putinin “proses Rusiyasız mümkün deyil” açıqlaması da həm tərəflərə, həm də üçüncü ölkələrə ünvanlanmış mesajdır. 

Lakin Putinin açıqlaması göstərir ki, kommunikasiyanın bərpası üçün cari prioritet olaraq sərhədin delimitasiyası həyata keçiriləcək. Bu məqam strateji baxımdan Azərbaycanın maraqlarına uyğundur”.