Dialoq çox vacibdir, qazanan xalq olacaq

Siyasi partiyaların yaxınlaşması, anlaşması vacib amildir

Xəbər verdiyimiz kimi oktyabrın 21-də Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da parlamentdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclisin komitə sədrləri və deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Toplantıda çıxış edən millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı siyasi təşkilatlarla hökumət arasındakı münasibətlərdən, son dönəmlər yenidən gündəmə gələn dialoq məsələsindən danışıb. 

Partiya rəhbəri qeyd edib ki, cəmiyyətdə ictimai gərginliyin pik həddə çatdığı zaman dialoq meydana çıxır. Onun sözlərinə görə, yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, son 30 ildə Azərbaycanda dialoq mühiti yaratmaq yalnız 2020-ci ildə mümkün olub. Ona qədər Azərbaycanda siyasi partiyalar arasında görüşlərin təşkilatçısı təəssüf ki, xaricilər olub. ATƏT-in YAP-ı və digər partiyaları bir araya yığdığını yaxşı xatırlayırıq. Amma bunun nə qədər dialoq arzusuna xidmət etdiyini düşünmək absurddur. Çünki ATƏT-in bir qolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində səssiz qalırdı. Hakimiyyətdən kənarda olan siyasi vəziyyətin gərginləşməsində maraqlı ola bilər. Amma hakimiyyət bunda maraqlı olmamalıdır. Buna görə də Vətən müharibəsi ərəfəsində Prezident İlham Əliyev siyasi partiyalar arasında dialoq yaratmağa başladı”. 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu “Şərq”ə açıqlamasında vurğulayıb ki, dövlətçilik və Qarabağ müstəvisində ölkədə siyasi mühitin saflaşması, partiyaların qarşılıqlı inteqrasiyası və təmərküzləşməsi çox önəmlidir. Partiya rəsmisi KXCP-nin belə məqamlarda hər zaman siyasi həmrəylik nümayiş etdirdiyini söyləyib: 

“Azərbaycanda siyasi mənsubiyyətindən, hansı siyasi qurumda təmsil olunmasından asılı olmayaraq, dövlət, millət məsələsində mövqeyimiz eynidir. Biz də tərəfdarıyıq ki, problemlərimizi öz aramızda, daxili imkanlarla müzakirə və həll edək. ATƏT kimi yad qurumların Azərbaycanda iqtidar-müxalifət görüşlərinin təşəbbüskarı olmasının biz də qəti əleyhinə olmuşuq. Azərbaycanda hakimiyyət və müxalifət partiyalarının bir araya gəlməsini şərtləndirən kifayət qədər məsələlər var. Amma düşünürük ki, bəzi siyasi məsələlərdə tarazlıq yaratmaq üçün məhz iqtidar tərəfi ilk addımı atmalıdır. Çalışmaq lazımdır ki, Qarabağ kimi ümumxalq mövzularında bütün siyasi təşkilatların iştirakı təmin olunsun. Düzdür, müəyyən addımlar atılır, işğaldan azad edilmiş ərazilərə partiyaların səfərləri təşkil edilir. Eyni zamanda siyasi qurumların rəsmi qeydiyyatı ilə bağlı buzlar sındırılır. Ancaq hesab edirik ki, bu istiqamətdə daha çox iş görülməlidir. Həmçinin, partiyaların seçki prosesində iştirakına şərait yaradılmalıdır. İstərdik ki, növbəti Şuşa səfərlərində Azərbaycan rəhbərliyi çərçivəsində müxalifət partiyalarının sədrləri ilə görüş təşkil olunsun. Biz qalib dövlətik, dünyaya göstərməliyik ki, taleyüklü məsələlərdə ölkəmizin siyasi sistemində ayrılıq, qarşıdurma, ziddiyyət yoxdur. Vahid mövqeyi müharibə vaxtı nümayiş etdirmişik, buna qadir olduğumuzu sübut etmişik. Yenə də ortaq mövqeyə gələ biləcəyimiz mövzular çoxdur”.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə də “Şərq”ə deyib ki, iqtidar-müxalifət dialoqonun davamlı olması ilk növbədə Azərbaycan cəmiyyətində siyasi sabitliyin formalaşmasına səbəb olar. Partiya təmsilçisinin sözlərinə görə, üçüncü qüvvələrin bu məsələdə iştirakda maraqlı olması istisna edilmir. Çünki həmin qüvvələr öz maraqlarını təmin edirlər: 

“İki ildir hökumətlə müxalifət partiyaları arasında keçirilən görüşlər ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına gətirib çıxarıb. Bu formatın davamlı olacağı görünür. Təbii, biz də düşünürük ki, görüş təşəbbüsləri kənar təşkilatlardan gəlməməlidir. Xarici qüvvələrin müdaxiləsinə qətiyyən yol verilməməlidir. Hesab edirik ki, iqtidar da siyasi-hüquqi islahatlara getməli, müxalifət partiyalarının təkliflərini qəbul etməlidir. MCP olaraq dialoq təşəbbüslərinə daim açıq olmuşuq və toplantılarda iştirak etmişik. Eyni zamanda partiya olaraq dialoqla bağlı öz təşəbbüslərimizi də vermişik. Dialoq çox vacibdir və bunun qazananı Azərbaycan ictimaiyyəti olacaq”.