Ərdoğan haqlıdır

Beynəlxalq media dünyada baş verən münaqişələrə əksər hallarda ikili standartlardan yanaşıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası Media Forumunda çıxışı zamanı beynəlxalq media quruluşlarını tənqid edib. Ərdoğan bildirib ki, Ermənistan ordusunun mülki insanları hədəf alan qətliam və raket hücumları dünya mətbuatında gündəmə gəlməyib. Onun sözlərinə görə, beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davranıblar. Türkiyə lideri beynəlxalq ictimaiyyətin İkinci Qarabağ müharibəsindəki mövqeyinə də diqqət çəkib

“Tariximizin, millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda eyni mövqelərlə qarşı-qarşıyayıq. Müdafiə və hərbi məsələlərdə xarici qüvvələrə bel bağlamadığımız kimi, informasiya məsələsini də başqalarına həvalə edə bilmərik. Türk dünyası olaraq bu məsələdə gücümüzü bir yerə qoymalı və əlimizdəki imkanların ən təsirli formasını axtarmalıyıq”.

Türkiyə liderinin toxunduğu məqamı “Şərq”ə təhlil edən tanınmış jurnalist, siyasi şərhçi Azər Niftiyev qardaş ölkə rəhbərinin tamamilə doğru söylədiyini bəyan edib. Ekspertə görə, beynəlxalq media dünyada baş verən münaqişələrə əksər hallarda ikili standartlardan yanaşıb: 

“Əslində bu cür yanaşma sadəcə beynəlxalq mediaya xas deyil. Dünyanı idarə edən və demokratik dünya qurduğunu bəyan edən aparıcı dövlətlərin siyasətində də özünü açıq şəkildə büruzə verir. Birinci Qarabağ müharibəsinin, yəni erməni işğalının nəticəsi olaraq 1 milyondan artıq insanımız öz yurd-yuvasından didərgin düşdü. Xocalı daxil olmaqla bir çox yerdə insanlıq əleyhinə cinayətlər törətdilər. Saxta “erməni soyqırımı” məsələsində insanpərvər olduğunu göstərən beynəlxalq dairələr, media quruluşları, nədənsə, Xocalı soyqırımına göz yumdular, lal oldular. Eyni zamanda Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yumdular. Artıq aydın oldu ki, beynəlxalq təsisatlar, ATƏT və onlara bağlı qurumlar ədalətsiz mövqe sərgiləməyə davam edəcəklər və onlardan mədət ummağa dəyməz. Ona görə də öz gücümüz və dost ölkələrin dəstəyi hesabına torpaqlarımızı düşməndən təmizlədik. Müharibə dövründə də Gəncə, Bərdə, Tərtərdə mülki əhaliyə qarşı cinayətlərə əl atıldı. Cəbhə bölgəsindən xeyli uzaq ərazilərə raket atıldı, mülki sakinlər hədəf seçildi. Halbuki, Azərbaycan Ordusu ancaq erməni hərbçilərinə qarşı döyüşür və ancaq hərbi obyektləri vururdu. O zaman da dünya mediası baş verənlərə göz yumdu. Deməli, Qərb üçün xristian təəssübkeşliyi və islamofobiya daha öndədir. Azərbaycan türk dünyası platforması çərçivəsində media ilə əlaqələrini gücləndirməlidir. Qarşılıqlı diaspora siyasətində daha fəal olmalıdır. Beynəlxalq ictimaiyyətdən heç nə gözləməməliyik”.