"İran Zəngəzur dəhlizinin açılmasını istəmir"

Əjdər Tağızadə: "Tehran rejimi Paşinyanı yox, Sarkisyan-Koçaryan kimi adamların Ermənistan rəhbərliyində təmsil olunmasını istəyirdi"

Son günlər İran-Azərbaycan münasibətlərində müəyyən yumşalma hiss olunmaqdadır. Bir neçə gün qabaq İran tərəfi yük maşınlarının Laçın dəhlizindən keçərək Qarabağa getməsini qadağan etdi. Bunun ardınca Azərbaycan tərəfi Xankəndiyə qanunsuz səfər edərkən saxlanılan iki nəfər iranlı sürücünü İrana geri qaytardı. Xatırladaq ki, İranın Azərbaycanın qanunlarını tapdalayaraq Gorus-Qafan yolu ilə Qarabağdakı separatçılar və Ermənistanla qanunsuz iqtisadi əlaqələr saxlaması iki ölkə arasında ciddi gərginlik yaratmışdı. Rəsmi Bakının diplomatik notasına və İran səfirinə xəbərdarlıq etməsinə baxmayaraq, Tehran yanlış addımlarını düzəltməmiş, əksinə, Azərbaycan sərhədində hərbi təlimlər keçirərək, güc nümayiş etdirməyə cəhd göstərmişdi. 

Bundan sonra Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bu qanunsuzluğa kəskin etirazını bildirmiş, İran rəhbərliyini Azərbaycanın müstəqilliyinə, suverenliyinə hörmət etməyə çağırmışdı. Ümumən, cəmiyyətin İrana münasibəti birmənalı deyil, bu da anlaşılandır. Azərbaycanın müstəqilliyindən üzü bəri İranın davranışları, yumşaq desəm, sullar doğurur. Amma İran qonşumuz, tarixi, mədəni əlaqələrimiz olan ölkədir. Hesab edilir ki, İranla gərginliyin artması indiki dövrdə maraqlarımıza uyğun deyil. Hərbi qələbə qazanmış, torpaqlarımızın böyük bir hissəsini düşməndən azad etmiş ölkənin əsas məqsədi möhkəmlənmək, sərhədlərimizi qalaya çevirmək, hərbi qələbəni diplomatik uğura daşımaqdır. Buna görə də gərginliyin azaldılması yolları tapılmalıdır. Amma bu o anlama gəlmir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin İrana olan sualları yoxdur – var, səslənməlidir də, sadəcə bu, gərginliyin artırılması yolu ilə deyil də, diplomatik kanallarla, danışıqlar yolu ilə edilməlidir. 

İran-Azərbaycan münasibətləri ilə bağlı “Şərq”ə danışan Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri Əjdər Tağızadə deyib ki, son hadisələr İranın ağlını başına alaraq, geri addım atdığını göstərir. Ə.Tağızadənin fikrincə, Tehran rejiminin qorxuları çox olsa da, Azərbaycanın niyyəti və məqsədi hər zaman normal olub... 

 - Əjdər bəy, İranın Azərbaycana münasibəti bizə çoxdan bəllidir. Sizcə, son bir ayda Tehranın xüsusi aqressivləşməsinin əsas səbəbləri nə idi?   

 - Tehran rejiminin bütün hərəkətləri geosiyasi planlara əsaslanır. İran hökuməti sadəcə bir gündə qərar verərək cənub sərhədimizə qoşun çəkməyib. İran rejimi İraqla müharibədən sonra demək olar ki, hərbi təlim keçirməmişdi. İranın maddi sıxıntıları, iqtisadi böhran vəziyyətində olması bəllidir. Amma belə məqamda böyük maliyyə sərf edərək hərbi təlim keçirdisə, rəsmi qoşunla bərabər SEPAH-ı da ora cəlb etdisə, deməli, narahatlıq çox ciddi olub. Nəzərə alaq ki, Azərbaycanla sərhəd İranın ən təhlükəsiz sərhəd bölgəsidir. Bəs niyə qorxuya düşdülər? İran hər zaman düşünüb ki, Qarabağ probleminin həlli uzun illər çəkəcək. Onlar arzulamayıblar ki, münaqişə öz həllini tapsın. Bir dəfə "Nətənz" nüvə obyektinin yanına bir dron düşmüşdü. İranlı generallar açıqlama verirdilər ki, “dronun haradan gəldiyini bilirik”. Sonradan bu hadisədə Azərbaycanı günahlandırdılar və iddia etdilər ki, guya, İsrail bizim ölkəmizdədir və buradan İrana qarşı “təxribatlar” törədir. Əgər İran İsraili özünə həqiqətən təhlükə bilirsə, onda getsin İraqda, Suriyada, Colan təpələrində onlarla vuruşsun, mübarizəsini aparsın. İsrail hər gün Suriyada İranı vurur, amma buna səs etmirlər. Yəni demək istəyirəm ki, bunların hamısı bəhanədir. Məsələ ondadır ki, Azərbaycan İranın əksər qərəzinə göz yumub, yumşaq davranıb, gərginlik yaratmaq istəməmişik. İran isə bundan arxayınlaşaraq Azərbaycana öz “arxa bağçaları” kimi baxırdılar. Gorus-Qafan yolunun bağlanmasında rəsmi Bakıya gileylənirdilər ki, “orada bir-iki kilometr əraziyə daxil olmağı niyə problem edirlər”. Torpağın hər qarışı Vətəndir. Sərhədimiz bir metr belə icazəsiz keçən qanunları pozmuş sayılır. Keçirlərsə, adam kimi, qanunlara tabe olaraq, rəsmi Bakıdan icazə alaraq keçsinlər. Bilirik, işğal zamanı rahat gedib-gəlmisiniz. Amma indi buna imkan vermərik. Heç bir dövlət öz ərazisindən qanunsuz keçidə icazə verməz. Həm də yaxşı bilirik ki, siz həmin tırlarda nə daşıyırsız. 

 - Qarabağa qanunsuz gedən sürücülərin Cənubi Azərbaycandan olması ciddi tənqid olundu...

 - Bu, İranın təxribatı idi. Özləri məqsədli şəkildə edirdilər. Türkdilli sürücüləri taparaq ermənilərlə razılaşdırırlar. Xüsusi videolar çəkərək internetdə yayırlar. Görüntü yaratmaq istəyirdilər ki, guya, Azərbaycan tərəfi öz soydaşlarını həbs edib, incidib və s. Halbuki, “soydaşlarımız” tırlarda Xankəndinə silah-sursat, tonlarla heroin daşıyırdılar. Əlbəttə, buna yol verə bilmərik. 

 - Zəngəzur dəhlizi İranı niyə bu qədər narahat edir? 

 - Azərbaycanın Zəngəzurdan Naxçıvana yol istəməsi təbii haqqımızdır. İşğal zamanı Naxçıvan blokadada qalıb, insanlarımız gediş-gəliş zamanı çox əziyyətlər çəkiblər. İran Cənubi Azərbaycan ərazisindən hava və quru nəqliyyatı üçün çox məhdud yol vermişdi. Başımıza oyun açırdılar. Gedib-gələnlər cana gəlirdi, azərbaycanlıları səbəbsiz incidir, ləngidir, girov kimi saxlayırdılar. Müharibədən sonra İranla sərhəd bölgə düşməndən təmizləndi. Artıq yeni reallıqlar var. Bölgə dövlətlərinin əməkdaşlığından söhbət gedir. Əməkdaşlıq bütün region ölkələri, o cümlədən Ermənistanın özü üçün də faydalıdır. Ən optimal variant da Zəngəzur dəhlizidir. Ermənistan Baş naziri Nikol Paşinyan da razılıq ifadə edir. Amma İran birmənalı bunu istəmir. Tehran rejimi Paşinyanı yox, Sarkisyan-Koçaryan kimi adamların Ermənistan rəhbərliyində təmsil olunmasını istəyirdi. Zəngəzurdan Naxçıvana gedən yol oradan da İğdıra, Türkiyəyə gedir. Bu da türk dünyasının, Turanın dirçəlməsi deməkdir. Yəni burada iqtisadi mənfəət məsələsi də var. 

 - Son günlər İran-Azərbaycan münasibətlərində yumşalma hiss olunur. Qarşılıqlı addımlar atılır. Bunu İranın geri addım atması kimi dəyərləndirmək olarmı? 

 - Bəli, İran geri çəkildi. Türkiyə lideri Ərdoğan dedi ki, “İran istəsə də Azərbaycanla toqquşa bilməz. Çünki Tehran hökuməti Güney Azərbaycandakı türklərin sayını çox yaxşı bilir”. Azərbaycan tərəfi hər zaman təmkinli davranış sərgiləyib. Nəticədə İran rejimi Araz sahilinə necə gəlmişdisə, səssiz-sədasız da getdi. Halbuki, hay-küylə gəlmişdilər, 4 min raket zərbəsi ilə bizi təhdid edirdilər. Bəs nə oldu? İran müharibə aparacaq gücdə deyil. Bizi təhdid etmək üçün sərhədə yığdıqları ordunun içində “bozqurd” işarəsi ilə şəkillər çəkdirib yayan nə qədər hərbçilər var idi. 
 - Güneyli soydaşlarımızın İran-Azərbaycan gərginliyinə münasibəti necə oldu?   
 - Bütün güneylilərin qəlbi daim Azərbaycanla birlikdə döyünür. Tehran rejiminin əsas qorxusu məhz Güney Azərbaycanla bağlıdır. 44 günlük savaşda soydaşlarımız Tehranda Azərbaycan səfirliyinin qarşısında adlarını yazdırırdılar ki, onlar da savaşa qatılmaq istəyir. İranın bir çox şəhərində Azərbaycanın haqlı davasına böyük dəstək nümayiş etdirirdilər. Xeyli soydaşımız Arazın sahilinə toplaşaraq Ermənistana lənət oxuyur, Azərbaycanın qələbəsi üçün dua edirdilər. Azərbaycana dəstək mitinqləri təşkil olunurdu. Ermənistana dəstək verdikləri üçün Tehran hökumətini tənqid edirdilər. Ona görə də sonradan fəal soydaşlarımızı həbs etdilər, incitdilər. İranın hərəkətlərinə 3 haftafa ilə cavab verildi. Səfir açıqlama verdi ki, guya, səfirliyə “basqın” olub. Güney Azərbaycandakı soydaşlarımız 44 günlük qələbədən və sonrakı proseslərdən çox məmnundurlar. Xüsusən son günlər İranın Azərbaycandakı agentura şəbəkəsinin ifşasına çox sevinirlər. Ancaq güney azərbaycanlı kimi qalib ordumuzu Xankəndidə də görmək arzusundayıq. 

 - Son günlər İranın Azərbaycandakı agentura şəbəkəsinin ifşası prosesi gedir. Sizcə, bu, nə qədər önəmli məsələdir? 

 - Çox vacib və zəruri addımdır. Azərbaycan ictimaiyyəti bunu tələb edir. Tehran rejiminin 30 il ərzində Azərbaycanda qurduğu özəklər dağılmaqdadır. Hamı bu işdə fəal olmalıdır, ziyalılar da öz mövqeyini ortaya qoymalıdır. İran dini də, məzhəbi də öz siyasi məqsədləri üçün istismar edir. Buna son qoymaq lazımdır. Ocaq Nejatın Azərbaycanda nə işi var? Camaat öz ibadətini edir, namazını qılır. Siz kimsiz ki, Allahla bəndəsinin arasına girirsiz, “vasitəçilik” edirsiz. Hamısı İranın agent şəbəkəsinin üzvləridir. İran hansı haqla Azərbaycanda “Mədəniyyət Mərkəzi” açır? Mən təklif edirəm ki, onun yanında “Güney Azərbaycan Kültür Mərkəzi” yaradılsın. Sizcə, kimin buna daha çox haqqı çatır? Ocaq Nejatın, yoxsa mənim? İranın dərsi verilməliydi və verildi. Azərbaycana müstəqil ölkə kimi yanaşmırdılar, deyirdilər ki, “kiçik bir ölkədir”. Azərbaycan “yetim uşaq” deyil. 10 il, 20 il sonrasını planlaşdıran, zəngin təbii sərvətlərə və güclü orduya malik qüdrətli ölkəyik.