"Ermənistanda Rusiya əleyhinə genişmiqyaslı təbliğat aparılır"

"Rusiya prezidenti Vladimir Putinin Valday Klubundakı nitqi Ermənistanı əməllicə silkələyib". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Analitik bildirib ki, Rusiya prezidentinin fikirlərini “Putin Ermənistana verilən ultimatumu təsdiqlədi” başlığı ilə təqdim edən erməni mediasının qənaətinə görə, rəsmi Moskva “Dağlıq Qarabağ” ifadəsini siyasi leksikonundan çıxarıb: 

"Onlara görə, Rusiya Azərbaycanın daxili inzibati bölgüsünə əsasən, Qarabağ iqtisadi zonasının bir hissəsi kimi qəbul edib. Erməni mediası hesab edir ki, Vladimir Putinin Azərbaycan-Emənistan sərhədlərinin delimitasiyası ilə bağlı fikirləri, xüsusilə də keçmiş SSRİ-nin müttəfiq respublikalarının inzibati ərazi bölgüsü ilə bağlı xəritələrinin Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılması barədə söylədikləri, prosesin faktiki olaraq başa çatdığını nümayiş etdirir. Erməni mediası yazır: “Putinin “üçtərəfli bəyanat bazası əsasında uzunmüddətli tənzimləmə” və delimitasiya zamanı kompromisslərdən danışması, “Arsax”dan sonra Ermənistan ərazisinin də Bakının təşəbbüsü ilə udulmasından xəbər verir. Rusların xəritələrin hansı versiyasını təqdim edəcəyini müəyyənləşdirmək bir o qədər də çətin deyil”. 

E.Mirzəbəyli vurğulayıb ki, bənzər yanaşma Ermənistanın qərbyönümlü mediası ilə yanaşı, sözügedən ölkəyə keçmişdə rəhbərlik edən şəxslərin yaxın ətrafının fikirlərində də hiss olunur: 

"Faktiki olaraq, Ermənistanda Rusiya əleyhinə genişmiqyaslı təbliğat aparılır. Rəsmi Moskvanın bölgədəki reallıqlara münasibəti kəskin şəkildə tənqid olunur. Hətta Rusiyanın Ermənistana düşmən gözündə baxdığı bildirilir".