"Qərb də sərhəd xəttinin müəyyənləşməsinə öz töhfəsini vermək istəyir"-SƏBƏB?

"Azərbaycanla Ermənistan arasında növbəti qarşılıqlı güzəştlər olacaq".

"Sherg.az" xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, 5 erməni diversantın qaytarılması, ondan əvvəl Zəngilan və Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ zirvəsinin Azərbaycana təhvil verilməsi xəbərlərinin yayılması fonunda Rusiya prezidenti Vladimir Putinin açıqlaması diqqət çəkir: 

"Putin bildirdi ki, Azərbaycan və Ermənistan sərhəd xəttinin müəyyənləşdirməsini SSRİ dövrünün xəritələrinə əsaslanaraq həll edə bilər. Lakin bu proses qarşılıqlı güzəştlər tələb edir. 
Bu qarşılıqlı güzəştlərin bəzilərini müşahidə edirik, yaxın günlərdə başqa kompromislər də gözlənilir. Ancaq bunun nə olacağını dəqiqləşdirmə aparmadan proqnozlaşdırmaq çətindir. Əvvəldən sərhəd məsələsində Rusiya təşəbbüsü ələ almışdı. Azərbaycanın Ermənistanla sərhəddə strateji nöqtələrdə möhkəmlənməsinə Kreml narazılıq etmirdi. Bu məsələdə Türkiyə ilə ortaq razılıq da var idi, buna şübhə etmək mümkün deyil".

A.Kərimova görə, Qərb də sərhəd xəttinin müəyyənləşməsinə öz töhfəsini vermək istəyirdi: 

"Səbəb isə bu idi ki, Rusiyanın təsiri neytrallaşsın. 
Bu kontekstdən yola çıxaraq Putin açıqlamasında Qərbə ünvanlanan mesajları görmək olar: - “Bizə bu məsələdə Azərbaycan, Ermənistan və Rusiyadan başqa heç kim lazım deyil. Bunun sadə praqmatik səbəbləri var. Çünki Rusiya ordusunun Baş Qərargahında Sovet dövründə ittifaq respublikaları arasında sərhədin necə keçdiyini göstərən xəritələr var”. Dəfələrlə sərhəd məsələsini qlobal rəqabət müstəvisində izah etməyə çalışmışıq, Putinin bəyanatı isə bu rəqabəti bir daha göz önünə qoyur. Rəqabət isə beynəlxalq güclərin sülh müqaviləsində maraqlarını təmin etməyə yönəlib".