"Kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır"

"9 noyabr 2021-ci il tarixində Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq".

Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, ikitərəfli qaydada sərhədlərin və ərazi bütövlüyün tanındığı müqavilə bağlanacaq: 

"Sərhədlər 1920-ci il Sovet xəritəsinə əsasən müəyyənləşəcək. Kommunikasiyaların açılmasına start veriləcək. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə yekun razılıq əldə olunub. Bura Azərbaycan və Naxçıvan arasındakı rabitə də daxildir. Bu iddia ilə Ermənistan mediası çıxış edib. Müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil. Proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, dövlət başçısı İlham Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır"

A.Nərimanlıya görə, kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır: 

"Bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir. Bu baxımdan, erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir. 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür".