Ərdoğan böyük hədəflərə işarə edir


Türk Dövlətləri Təşkilatının nüfuzu da artacaq, üzvləri də

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlayıb. Videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb: “Qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bizi hədəflərə daha da yaxınlaşdıracaq. Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazanmış olacaq. Bütün sahələrdə əlaqələri inkişaf etdirmək bizim üçün ehtiyacdan əlavə məcburiyyətdir". 

Mövzu ilə bağlı siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri təsadüfi deyil. Çünki noyabrın 12-də İstanbulda Türk Zirvəsi keçiriləcək, yəni Türk Şurasının üzv dövlətlərinin rəhbərləri bir araya gələcəklər:

 "Burada Türk Kenişinə yeni üzvlərin qəbulu ilə bağlı məsələ də müzakirə olunacaq. Artıq konkret olaraq Türkmənistanın müşahidəçi üzv statusunda bu quruma qatılması ilə bağlı razılıq var. Eyni zamanda Türk Kenişinin adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı qoyulması məsələsi müzakirə olunub. İlkin razılıqlar var, yəqin ki, bu məsələ də öz həllini tapacaq. Yəni faktiki olaraq bir zamanlar formalaşmaqda olan Avropa Birliyinə bənzər bir birliyin təməlləri atılır. Əlbəttə ki, yavaş-yavaş bu yerə qədər gəlmişik. Bundan sonra daha sıx birliyin təmin edilməsi üçün əlavə addımların atılmasına ehtiyac var. Ona görə də Türk Dövlətləri Təşkilatı adı altında bu qurumun yenidən formalaşdırılması nəzərdə tutulur". 

A.Həsrət bu təşkilata ilkin mərhələdə hansı dövlətlərin üzv olacağını da açıqlayıb: "Əlbəttə ki, Türkiyə və Azərbaycanla bərabər Qazaxıstan, Qırğızıstan, Özbəkistan bu qurumun zatən üzvüdür, yəni onlar üzvlülüklərin davam etdirəcəklər. Türk dövlətlərindən Türkmənistan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti kənarda qalmışdı. Türkmənistan artıq müşahidəçi üzv statusunda bu quruma qoşulur, yəni türk dövlətləri ailəsinə qoşulur. Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı bir qədər tanınmaq problemi var.

 Ona görə də təkliflər var ki, həmin dövlət də bu qurumda hansısa statusda təmsil edilsin. Ən azından biz gözləyirik ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti ev sahibi Türkiyə tərəfindən qonaq qismində o tədbirə dəvət ediləcək. Bu bizim həm arzumuzdur, həm də gözləntimizdir. Ümid edirik ki, bu gözlənti boşuna gözlənti deyil, yəni ümumilikdə götürəndə türk dövlətlərinin inteqrasiyasının daha da sürətləndirilməsi, aramızdakı əlaqələrin daha da dərinləşdirilməsi, bir-birimizə qarşı dəstəyin daha da möhkəmləndirilməsi məsələləri nəzərdə tutulur.

  Türkiyə Cümhurbaşqanı da məhz bu məsələləri nəzərdə tutaraq öz video müraciətində belə ifadələr işlədib".