Görüş gündəmdədir, lakin Ermənistan razılaşmır

İrəvan Moskvanın qurduğu masada əlini gücləndirməyə cəhd edir

"Paşinyanın bu gedişləri ABŞ Dövlət katibinin köməkçisi Erika Olsonun regiona səfəri fonunda etməsi də təsadüfi deyil"

Üçtərəfli Bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan arasında hər hansı təmas nəzərdə tutulmur. Bu barədə noyabrın 9-da keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Peskov görüşlə bağlı konkret anlaşmanın olmadığını söyləyib. Kreml sözçüsü qeyd edib ki, Bakı və İrəvan müxtəlif səviyyələrdə əməkdaşlığı davam etdirirlər. Xatırladaq ki, bu həftə Prezident İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın videokonfrans formatında görüşü gözlənilirdi. Lakin Paşinyan Peskovun bununla bağlı əvvəlki açıqlamasına “9 noyabrda görüş keçirilməyəcək” cavabını verdi. Peskovun sonuncu açıqlaması Ermənistanın ümumiyyətlə görüşdən yayındığını deməyə əsas verir.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Peskovun əvvəlki açıqlamasına korrekt etməsi o deməkdir ki, görüş gündəmdədir, lakin Ermənistan razılaşmır. Analitik vurğulayıb ki, üçtərəfli görüşün iki gündəmi var, kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsinin müzakirə edilməsi: 

“Mümkündür ki, kommunikasiyaların açılması qrafiki təsdiq edilsin və sərhədin delimitasiyasının hansı xəritələrə əsasən aparılması razılaşdırılsın. İrəvan kommunikasiyanın açılmasına qarşı deyil, Paşinyan sonuncu müsahibəsində də bunu təsdiq etdi. Razılaşdırılmayan məsələ sərhədlə bağlıdır və istisna deyil ki, problem hansı ilin xəritəsinin əsas götürülməsi üzərində yaranır. Üçtərəfli görüşə razılaşmayan Paşinyanın müdafiə nazirini Qarabağa göndərməsi də İrəvanın istəyinə nail olmaq üçün etdiyi gediş hesab oluna bilər və burada iki məqsəd var. Birincisi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan mövcud stabilliyi pozur. Bununla üçtərəfli masada maraqlarının təmin edilməsi üçün Moskvaya mesaj verir. İkincisi, Qarabağda separatçı-terrorçu rejimin qondarma “müqəddəratını” aktual olaraq saxlayır. Paşinyan “sərhəd, kommunikasiya və Qarabağ mövzusunun bir-birindən ayrı məsələ” olduğunu açıqladı. Sərhəd-kommunikasiya məsələsinin əsas gündəm olduğu vaxt “Qarabağ iddiasını” da ayrı istiqamət kimi aktuallaşdırır. Paşinyanın bu gedişləri ABŞ Dövlət katibinin köməkçisi Erika Olsonun regiona səfəri fonunda etməsi də təsadüfi deyil. İrəvan Vaşinqtonun bölgəyə müdaxilə istəklərindən həm “Qarabağ məsələsi” üçün istifadə etməyə, həm də Moskvanın qurduğu masada əlini gücləndirməyə cəhd edir. Burada Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı diqqət çəkir. Azərbaycanın hərbi rəhbərliyi xəbərdarlıq edir”.

A.Nərimanlı bəyan edib ki, baş verənlər Azərbaycan sərhədləri daxilində və sərhəddə yeni təxribatlar, yeni gərginlik vəd edir: 

“Kəlbəcər istiqamətində törədilən təxribat da bunu təsdiqləyir. Bu o deməkdir ki, Ermənistan delimitasiya prosesinə mane olmaq və ən azı prosesdə öz maraqlarını təmin etmək üçün həm sərhəddə, həm də Qarabağda yeni gərginlik yaratmaq niyyətindədir”.