Yenə Ermənistanın maraqlarını güdürlər



Avropa İttifaqının niyyətlərinin arxasında böyük ehtimalla ermənipərəst Fransa dayanır

Təşkilat bütün mümkün vasitələrlə bu regionda cərəyan edən geopolitik, geostrateji və geoiqtisadi proseslərdə əsas iştirakçılardan birinə çevrilməyə can atır

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanmasının ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçün bir çox məsələlər həll edilməlidir. Aİ rəsmisi tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırıb. 

Vurğulanıb ki, Avropa İttifaqı tərəflərin ehtiyac duyduğu texniki yardım göstərməklə sərhədlərin delimitasiya və demarkasiyasını dəstəkləməyə hazırdır və Cənubi Qafqazda əlaqələri və iqtisadi əməkdaşlığı təşviq edir. Aİ-nin Ali Nümayəndəsinin sözçüsü qeyd edib ki, üç onillikdən artıq davam edən münaqişə və iztirablara son qoymaq üçün hərtərəfli nizamlanma lazımdır: “Bu məqsədə nail olmaq üçün Aİ müvafiq beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə fəal təmasda olmağa davam edəcək, Ermənistan və Azərbaycan arasındakı bütün problemlərin hərtərəfli həlli üzərində işləyərək mandatlarını yerinə yetirməkdə onlara tam dəstək verəcək”. Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistanı dayanıqlı sülh üçün səy göstərməyə çağırıb. 

Avropa İttifaqının “fəallığını” “Şərq”ə dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Aİ-nin Cənubi Qafqaz siyasəti ikili standartlara indeksləşib. Analitikin sözlərinə görə, beynəlxalq qurum daha çox Ermənistanın maraqlarını ifadə etməyə üstünlük verir:

 “Bir müddət öncə Avropa Birliyinin Ermənistana 2,4 milyard avro maliyyə yardımı ayırması da bunu təsdiqləyir. Əgər Avropa Birliyi neytral mövqeli beynəlxalq qurum olsaydı, onda Azərbaycana da elə Ermənistana ayırdığı maliyyə yardımına yaxın məbləğdə dəstək verərdi. Halbuki, Ermənistan ərazisində hər hansı savaş olmayıb. Əksinə, Ermənistan Azərbaycanın savaş bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket zərbəsi endirərək, ciddi ziyan vurub. Üstəlik, Ermənistanın 30 il ərzində dağıtdığı ərazilərin bərpasına Azərbaycan indi milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Ancaq buna baxmayaraq, Avropa İttifaqı maliyyə yardımını məhz Ermənistana ayırıb. Göründüyü kimi, Avropa Birliyi öz açıqlamasında qətiyyən səmimi deyil. Üstəlik, bu qurum bir tərəfdən üçtərəfli anlaşmaya riayət olunmasına çağırır. Digər tərəfdənsə, üçtərəfli anlaşmanın imzalanmasından sonra Azərbaycan ərazisinə keçərək, həbs olunmuş erməni diversant-terrorçuların geri qaytarılmasını gündəmə gətirir. Bu zaman rəsmi İrəvanı həmin erməni diversant-terrorçuları Azərbaycan ərazisinə göndərməklə, üçtərəfli anlaşmanı kobud şəkildə pozmasına görə qınamağı da vacib saymır”.

E.Xalidbəyli hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqaz regionunda müəyyən maraqları olmamış deyil: 

“Xüsusilə, Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasından, iqtisadi-ticari münasibətlərin bərpasından faydalanmağa can atır. Hələlik, Avropa İttifaqı da ATƏT-in Minsk qrupu həmsədrləri kimi Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qalıb. Ona görə də bütün mümkün vasitələrlə bu regionda cərəyan edən geopolitik, geostrateji və geoiqtisadi proseslərdə əsas iştirakçılardan birinə çevrilməyə can atır. Elə bəyanatda da bu niyyət diqqətdən yayınmır. Belə ki, açıqlamada Avropa İttifaqı Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olması üçün bir çox məsələlərin həllinin vacibliyini, yenidən regionda Minsk qrupunun fəaliyyətinin gücləndirilməsini qabartmağa cəhd göstərilir”. 

Politoloq qeyd edib ki, Avropa İttifaqının Minsk qrupu ilə bağlı məsələni ön plana çıxartmaq cəhdlərinin arxasında böyük ehtimalla ermənipərəst Fransa dayanır: 

“Çünki Fransa istənilən halda, Minsk qrupunun fəaliyyətinin bərpasında maraqlıdır. Bu məqsədlə hətta Avropa İttifaqından belə istifadə etməyə çalışır. Ancaq bu məsələdə Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın mövqeyi olduqca böyük maraq doğurur. Rusiya Minsk qrupunun fəaliyyətinin bərpasına qarşı çıxmır. Hətta buna tərəfdar olduğunu qabartmağa belə cəhd göstərir. Ancaq Rusiya Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə nə Avropa İttifaqını, nə də Minsk qrupunu (ABŞ və Fransanı) ortaq etmək istəyir. Ona görə də Kreml hesab edir ki, Minsk qrupu Cənubi Qafqazda yalnız sosial-iqtisadi və humanitar məsələlərlə məşğul ola bilər. Və bu, Minsk qrupunu oyundankənar vəziyyətə salmaq istəyindən başqa bir şey deyil. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqının Cənubi Qafqazda, o cümlədən də Azərbaycan və Ermənistan arasında olan problemlərin həllində ciddi rolu ola bilməz. Bu qurumun regional proseslərə qatılması daha çox ziyan verə bilər. Avropa İttifaqının Minsk qrupunun fəaliyyətinin bərpasına yönəlik çağırışları isə daha çox Fransanın maraqlarına cavab verməklə yanaşı, regional proseslərə yalnız problem yarada biləcək məqamdır”.