Paşinyan sərhəddəki hadisələrə görə müdafiə nazirini qovdu

Ermənistanın bütün idarəetmə orqanlarında ciddi böhran yaşanır

"Yeni nazir Suren Papikyan da uzun müddət vəzifəsində qala bilməyəcək. Çünki o da klassik erməni milliyyətçiliyini daşıyan və faşist düşüncəyə sahib olan, idarəetmə bacarığı olmayan adamlardan biridir"

Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub. Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. O, bu postda Arşak Karapetyanı əvəzləyib. Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib.

"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Arşak Karapetyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib. S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. Yerevan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanda böyük idarəetmə xaosu yaşanır. Politoloq qeyd edib ki, Ermənistanda 44 günlük savaşdan bu yana bir neçə dəfə müdafiə nazirləri qovulub: 

“Problem Ermənistanın bütün idarəetmə orqanlarında yaşanır. Paşinyan heç bir təcrübəsi olmayan adamları məcburi şəkildə nazir təyin edir, idarəetməyə gətirir. Bunun da səbəbi odur ki, onun hakimiyyətə təyin eləməyə ciddi kadrları mövcud deyil. Ermənistanda hazırda çox böyük kadr böhranı yaşanır. Bu kadr böhranının fonunda təəssüflər olsun ki, Ermənistanda idarəetmənin itməsi bütün bölgə üçün təhdid yaradır. 

Tez-tez Ermənistandakı qarşıdurmalar Azərbaycana, Türkiyəyə, hətta Rusiyanın özünə qarşı da təxribatçı açıqlamalarla müşahidə olunur. 

Düşünürəm ki, Suren Papikyan da uzun müddət müdafiə naziri kimi qala bilməyəcək. Çünki Suren Papikyan özü də klassik erməni milliyyətçiliyini daşıyan və faşist düşüncəyə sahib olan, idarəetmə bacarığı olmayan adamlardan biridir. Baş nazirin müavini kimi də kifayət qədər narazılığa səbəb olmuş bir personadır. Hərbi sahə ilə ümumiyyətlə, əlaqəsi yoxdur.

  Bütövlükdə, Ermənistan 10 noyabr bəyanatının müddəalarına əməl etmədikcə, Ermənistandakı xaos vəziyyət daha da dərinləşəcək. Ölkədəki siyasi, iqtisadi inflyasiya daha da pik həddə çatacaq”.