Baş nazir təkbaşına qərar vermir

Bir nömrəli vəzifə hakimiyyətdə qalmaqdır

Paşinyanın məqsədi ordunu Rusiyaya və "Qarabağ klanı"na tabe olan hərbçilərdən təmizləməkdir

44 günlük müharibədən sonra Ermənistan ordusunu yenidən toparlamaq müşkülə çevrilib. Baş nazir Nikol Paşinyan qısa müddət ərzində 4 dəfə müdafiə nazirini dəyişib. Nazirlərdən üçü İrəvanın kapitulyasiya aktını imzalamasından sonra vəzifəsindən qovulub. Ekspertlərə görə, Paşinyan məğlubiyyəti ordunun üzərinə atmaq istəsə də, ordu içindəki Rusiyaya yaxın generalitetin sərt müqaviməti ilə üzləşib.

Nəticədə müdafiə nazirləri bir-birini əvəzləməyə başlayıb. Ötən günlərdə vəzifəsindən azad olunan müdafiə naziri Arşak Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub və bütün bunlar Paşinyanın onsuz da daralmaqda olan təsir dairəsini daha da kiçildib. Xatırladaq ki, müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci il noyabrın 20-də işdən çıxarıldı. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunub. Arutyunyan 2021-ci il iyulun 20-də vəzifəsindən azad olundu. Həmin il avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. Lakin bəllidir ki, Arşak Karapetyanı Suren Papikyanın əvəzləməsi Ermənistan üçün problemin həlli anlamına gəlmir. Suren Papikyanın hərbi təhsili və təcrübəsi yoxdur. Ona görə də çoxları hesab edir ki, Paşinyan iddia edildiyi kimi ordunu Rusiyaya, yaxud “Qarabağ klanı”na bağlı hərbçilərdən təmizləmir, müdafiə sistemini möhkəmləndirməyi düşünmür. Baş nazirin yeganə məqsədi özünə sadiq adamları irəli çəkmək, hakimiyyətini möhkəmləndirməkdir. Rusiyaya yaxınlığı ilə tanınan Karapetyanı “sorosçu” Suren Papikyanla əvəzləmək Paşinyanı Kremlin qəzəbinə tuş elədi. Bu arada Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın da həbs oluna biləcəyi ilə bağlı xəbər yayılıb. Generalın bir neçə ağır maddə ilə cinayətdə şübhəli bilinərək həbs olunan “Patron” ləqəbli silah alverçisi Davit Qalstyanla biznesinin olduğu üzə çıxıb. Cinayəti sübuta yetirilərsə, baş qərargah rəisi azı 7 il həbs oluna bilər. 

Ermənistan ordusunda yaşananları “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, müharibəni uduzmuş və ordusunun 70 faizini itirmiş bir ölkə üçün 4 dəfə müdafiə naziri dəyişmək hələ azdır. Ekspertin sözlərinə görə, yeni təyinat alan nazirlər özləri də ordudakı bərbad vəziyyəti gördükdən sonra məcburən istefa vermək düşüncəsinə qapılırlar: 

“Ordu rəhbərliyindəki dəyişikliklərin Baş nazir Nikol Paşinyanın nüfuzu ilə əlaqəsi var. Paşinyan haqlı olaraq hesab edir ki, ordu içərisində Rusiyaya bağlı kadrlar qaldığı müddətcə baş nazirin hökumətdə, ölkə arasında reytinqi yüksəlməyəcək. Hətta hakimiyyətdə qalması belə sual altına düşəcək. Baş nazirin Qərbin adamı olması bəllidir. Ona görə də hər fürsətdə ordunu ruslardan təmizləməyə çalışır. Ruslar deyəndə əsasən Moskvaya bağlı “Qarabağ klanı”na tabe olan hərbçilərdən söhbət gedir. Birinci Qarabağ müharibəsində əsas iştirakçılar məhz “Qarabağ klanı” və Rusiyaya sadiq generalitet idi. Paşinyan üçün ən önəmli məqsəd daxildə, xaricdə və Qarabağ məsələsində normallaşdırma prosesini sürətləndirmək üçün islahatların keçirilməsinə nail olmaqdır. Əgər baş nazir ordudakı yüksək və aşağı ranqlı rus hərbçilərini sıradan çıxara biləcəksə, öz məqsədlərinə doğru irəliləyə biləcək. Əks halda qarışıq ordu Paşinyan üçün ciddi risk yaradacaq. Məlum olduğu kimi Paşinyan Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-də Prezident İlham Əliyevlə görüşəcək. Təbii ki, Rusiya bunu sakitcə izləməyəcək. Görüş ərəfəsində və ya təmaslar vaxtı müəyyən insidentlərin olması mümkündür. Azərbaycan növbəti təxribatlara hazır olmalıdır. Ermənistan ordusunda Paşinyana bağlı olmayan, ümumiyyətlə, hökuməti saymayan qüvvələr var. O baxımdan Rusiya istənilən anda təxribata əl ata bilər. Moskvanın məqsədi öz ordusunu Azərbaycan-Ermənistan sərhədinə yerləşdirməkdir”. 

S.Hümbətov vurğulayıb ki, Ermənistan 4 dövlətlə həmsərhəddir və iki ölkənin sərhədi Rusiya hərbçiləri tərəfindən mühafizə olunur:

 “Azərbaycanla sərhədə də ruslar gəlsə, bu o deməkdir ki, Ermənistan sərhədlərinin 75 faizi Moskvanın nəzarətində olacaq. Bu faktın özü Paşinyanın “mühasirəyə alınması”, ortada sıxışdırılması anlamına gəlir ki, Kreml rəhbəri bununla istədiyi anda erməni baş nazirə asanlıqla təzyiq göstərə bilər. Reallığı yaxşı dərk edən Paşinyanın hədəfi ordunu ruslarından əlindən xilas etmək, ümumiyyətlə, Rusiyanın İrəvana təzyiq rıçaqlarını ortadan qaldırmaqdır. Buna nisbətən nail olarsa, gələcəkdə Paşinyan NATO ilə əməkdaşlıq məsələsini, Qərb ordularının ölkədə yerləşdirilməsini də gündəmə gətirə bilər. Ancaq hələlik Paşinyanın ordu ilə bağlı konkret hansı addımları atacağı bəlli deyil. Çünki baş nazir qərarı təkbaşına vermir və dəstək aldığı dairələrin “məsləhəti” ilə hərəkət edir”.