Brüsseldə heç bir nəticə olmayacaq


Moskva Qərbi Soçidə diplomatik fiaskoya uğratdı

Bu görüşə əhəmiyyət yükləyənlərin arqumentləri tamamilə əsassızdır

Noyabrın 26-da Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən Soçi görüşünün ümumən Bakının maraqlarına uyğun nəticələndiyi vurğulanır. Çünki görüşdə Rusiya rəhbəri Vladimir Putin birmənalı bəyan etdi ki, tərəflər üçtərəfli bəyanatların bütün maddələrinə qeyd-şərtsiz əməl etməli və bunun üçün yaradılmış komissiya aktiv işləməlidir. Soçi görüşündən sonra Azərbaycan-Ermənistan arasında nazirlər səviyyəsində təmaslar da baş tutub və müəyyən aktivlik yaranıb. O baxımdan bir sıra təhlilçilər hesab edirlər ki, dekabrın 15-də Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək görüş əhəmiyyətini itirmiş sayılır. 

Onların fikrincə, indiki məqamda mümkün razılaşma Soçidə əldə olunub. Belə şəraitdə Brüsseldəki görüş sadəcə müzakirələrlə yadda qalacaq. Ancaq müəyyən kəsim düşünür ki, Brüssledə Azərbaycan və Ermənistan rəhbərliyi vasitəçisiz, birbaşa görüş imkanı əldə edəcəklər. Məhz bu baxımdan Brüssel görüşü rəsmi Bakı üçün lazımlıdır. 

Siyasi şərhçi Elçin Xalidbəyli “Şərq”ə açıqlamasında deyib ki, Soçi və Brüssel görüşləri ilə bağlı baş verənlər birmənalı şəkildə Rusiyanın Qərblə Cənubi Qafqaz uğrunda apardığı mübarizənin nəticəsidir. Analitikin sözlərinə görə, əvvəlcə dövlət başçısı İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 9-da keçirilməsi razılaşdırılmışdı. Ancaq Ermənistan baş naziri görüşə razılıq vermədiyini bəyan etdi. Yəni həmin görüşün baş tutmasına imkan vermədi və prosesi pozdu. Daha sonra məlum oldu ki, erməni baş nazir bunu Qərbdən gələn sifarişlə edib:

 “Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tərəflərin görüşünün Brüsseldə keçirilməsi barədə razılaşma əldə olunduğu bəyan olundu. Məlum oldu ki, Qərb siyasi dairələri N.Paşinyana müraciət imzaladıblar. Mişel də həmin müraciət əsasında Brüssel görüşünün keçirilməsini və vasitəçiliyi öz üzərinə götürüb. Bu, erməni baş nazirlə Qərb siyasi dairələrinin geopolitik kələkbazlığından başqa bir şey deyildi. Əsas məqsəd, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması və Cənubi Qafqazda olan problemlərin həlli prosesində Rusiyanı oyundankənar vəziyyətə salmaq idi. Əvəzində prosesi yenidən Minsk qrupunun vasitəçiliyi çərçivəsinə qaytarmaqla, Cənubi Qafqazda təşəbbüsü ələ keçirəcəkdilər. Eyni zamanda, Ermənistan Baş naziri Paşinyan Rusiyanı vasitəçilikdən məhrum etməklə, ilk növbədə üçtərəfli anlaşmaları qüvvədən salmağa çalışırdı. Həmin sənədlərin tələblərini icra etməkdən yayına biləcəyinə ümid bəsləyirdi. Erməni baş nazir həm də Brüsseldə rəsmi Bakıya Qərbdəki himayədarlarının dəstəyi ilə təzyiq göstərmək şansı qazana biləcəyini düşünürdü. Ancaq Ermənistan Baş naziri Paşinyanla Qərbin Rusiya və Azərbaycana qarşı bu “geopolitik kələkbazlığı” baş tutmadı. Rusiya rəsmi İrəvanın xain senarisindən qəzəbləndi. Kreml dərhal hərəkətə keçərək, erməni baş nazirin və Qərbin bu oyununu pozdu. Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq, Baş nazir N.Paşinyana telefonla zəng etdi. Böyük ehtimalla Rusiyanın maraqlarına qarşı belə geopolitik oyunların qurulmasının Ermənistana baha başa gələ biləcəyi erməni baş nazirə açıq şəkildə anladıldı. Nəticədə görüşün Brüsseldən öncə məhz Prezident Putinin vasitəçiliyi ilə Soçidə keçirilməsi qaçılmaz oldu. Kreml Rusiyaya qarşı qurulan senarini onun müəlliflərinə qarşı çevirdi. Soçi görüşündə bir çox önəmli məsələlər üzərindən Azərbaycanın maraqlarına da tamamilə cavab verən anlaşmaların əldə olunduğu elan edildi. Elə mənzərə yarandı ki, hətta Brüssel görüşünün artıq formal xarakter daşıdığından da danışmaq mümkündür”.

E.Xalidbəyli diqqətə çatdırıb ki, Rusiya Prezidenti Putin də öz çıxışında Brüssel görüşünün elə bir əhəmiyyət daşımadığına eyham vurdu. Bildirdi ki, Soçidə bütün məsələlər həll olunduqdan sonra Brüsseldə görüşmək onun iştirakçıları üçün daha rahat olacaq: 

“Yəni bir çox prinsipial məsələlər Soçidə artıq razılaşdırılıb. Adı açıq çəkilməsə də, Zəngəzur dəhlizi barədə anlaşma mövcuddur. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə bu ilin sonu, gələn ilin əvvəlindən artıq praktiki olaraq, başlanılacaq. Bu proses Kreml sahibinin də vurğuladığı kimi, məhz Rusiya Müdafiə Nazirliyində saxlanılan sovet xəritələri əsasında aparılacaq. “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzuları artıq gündəmdən tamamilə çıxarılıb. Rusiya və Azərbaycanın ortaq mövqeyinə uyğun olaraq, Ermənistan yaxın vaxtlarda qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü tanımağa, ardıncasa, yekun sülh sazişini imzalamağa məcburdur. Əks halda, Ermənistanın blokadası davam edəcək, bu düşmən ölkədə siyasi, sosial-iqtisadi böhran daha da dərinləşəcək. Paşinyanın Qərbdəki himayədarları isə Ermənistrana yardım göstərib, onu iflasdan xilas edə bilməyəcək”.

Siyasi şərhçiyə görə, bütün bunları nəzərə aldıqda, Brüssel görüşünün həqiqətən də elə bir ciddi əhəmiyyəti qalmamış kimi görünür:

 “Eyni zamanda, Brüssel görüşünə əhəmiyyət yükləmək istəyənlərin həmin görüşdə Azərbaycan və Ermənistan rəhbərliyinin vasitəçisiz, birbaşa təmas imkanı əldə edəcəkləri barədə arqumentləri də tamamilə əsassızdır. Çünki Brüssel görüşü ikitərəfli xarakter daşımır. Həmin görüşdə Aİ Şurasının prezidenti Şarl Mişel vasitəçilik missiyasını öz üzərinə götürüb. Təbii ki, hazırda Brüssel görüşü ilə bağlı əsas məqam da məhz Mişelin vasitəçilik missiyasıdır. Çünki onun vasitəçiliyi ilə müzakirə edilə biləcək elə bir prinsipial məsələ qalmayıb. Demək olar ki, bütün önəmli məsələlər məhz Soçidə razılaşdırılıb. Bu, yalnız Mişelin deyil, bütövlükdə Qərb diplomatiyasının Rusiya qarşısında ağır məğlubiyyəti deməkdir. Yəni Kreml həm Qərbi diplomatik fiaskoya uğratdı, həm də onu Cənubi Qafqazdan kənarda saxladı. Yekun sülh sazişi imzalandıqdan sonra isə Minsk qrupunun ümumiyyətlə, ləğv edilməsi qaçılmaz xarakter daşıyacaq. Cənubi Qafqazın qapıları Qərbin üzünə tamamilə qapadılmış olacaq”.