Ter-Petrosyan ermənilərə ağıl verdi


"Qarabağ məsələsi bitib, əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir"

Politoloq: "O, reallığı düzgün analiz edən, vəziyyəti qiymətləndirməyi bacaran siyasətçidir. Onun prezidentliyi dövründə münaqişənin həllinə çox yaxın idik"


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Bakı-İrəvan arasındakı təmaslardan danışıb. Digər məsləkdaşlarından öz praqmatik çıxışları ilə fərqlənən Ter-Petrosyan deyib ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, artıq məsələ bitib. Ter-Petrosyan Azərbaycanın Qarabağ münaqişəsində səbrli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirib. O, sabiq prezident Robert Koçaryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını söyləyib:

“Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Koçaryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? O, yeni müharibə başlada bilər və bu, erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Artıq bizdən heç nə asılı deyil, hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.

AMİP təmsilçisi, politoloq Əli Orucov “Şərq”ə bildirib ki, Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyan erməni siyasətçiləri arasında reallıqları düzgün analiz edən, vəziyyəti qiymətləndirməyi bacaran yeganə siyasi rəhbərdir. Partiya rəsmisi xatırladıb ki, onun prezidentliyi dönəmində münaqişənin həllinə tərəflər çox yaxın idilər. Lakin Rusiyanın təzyiqləri və erməni parlamentində baş vermiş terror aktı nizamlanma prosesini pozdu:

 “Nəticədə hərbi xunta hakimiyyətə gətirildi və onların da böyük iddiaları və qeyri-konstruktivliyi münaqişənin danışıqlarla həllini dalana dirədi. Ancaq 30 ildən sonra olsa da, dünya dəyişdi, regiondakı proseslər xeyrimizə istiqamətləndi. Azərbaycan fürsətdən istifadə edərək düşmənin başını əzdi və 44 günlük müharibə ilə işğalçıları torpaqlarımızdan qovdu. Ancaq bəzi xarici və daxili qüvvələr Ermənistandakı revanşistləri qızışdıraraq, regionda kövrək sabitliyi pozmağa və müharibəni yenidən alovlandırmağa çalışır, təhlükəli bəyanatlar səsləndirirlər. Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar isə həmin qüvvələrdə ciddi narahatlıq yaradır. Çünki onlar ermənilərdən daim öz maraqlarını təmin etmək üçün maşa kimi istifadə ediblər. İndi isə bu maşanın əldən çıxma ehtimalı var. Onsuz da ermənilərlə türklərin tarixən dost münasibəti olmayıb və çox güman ki, bundan sonra da olmayacaq. Türkə nifrət ermənilərə beşikdən aşılanır. Ancaq dünya birliyi reallıqları görür. Azərbaycan BMT qərarlarını özü icra edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Regionda sülhə və təhlükəsizliyə öz töhfəsini verdi. Koçaryan və onun kimi düşünənlər çox yaxşı anlayırlar ki, nəinki Şuşa və Hadrut, bu gündən sonra heç bir qarış torpağı da Azərbaycandan qopara bilməzlər, buna gücləri yetməz”. 

Ə.Orucov hesab edir ki, əslində belə yersiz iddialar erməni dövlətini tamamilə çökdürür: 

“Soçi görüşü və qəbul edilən bəyanat revanşistlərin sərsəm iddialarına da nöqtə qoydu. Əgər Moskva imzasına sadiq qalsa və ikibaşlı oyun oynamasa, Qarabağla bağlı məsələni bitmiş saymaq olar. Təəssüflər olsun ki, Moskvanın Qafqazdakı mövcudluğu tarixən fitnəkarlıq və çirkin siyasətlə mümkün olub. Erməni cəmiyyəti isə artıq yorulub, bezib. Sadəcə olaraq beyinlərinə yeridilən və günlərinə hopdurulan düşmənçilik zəhərindən xilas ola bilmirlər. Bu amil onların bədbəxtliyinə səbəb olur. Hər halda başları əlhəd daşına dəyib. Yəqin ki, bundan sonra Azərbaycana qarşı hər hansı iddiaya düşsələr, yüz ölçüb-bir biçmək məcburiyyətində qalacaqlar”.