Niyə Azərbaycan İsraildə səfirlik açmır? - ŞƏRH: “Ehtiyatlı  davranmalıyıq”

“Bu reallaşarsa, islam dünyası, xüsusi ilə də ölkəmizə ən yaxın iki islam ölkəsi Türkiyə və Pakistan tərəfindən düzgün anlaşılmayacaq”

İsrailin Azərbaycandakı səfiri Corc Dik  iyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəliklərinin açıldığını deyib. O bununla bağlı iqtisadiyyat naziri də daxil olmaqla Azərbaycan rəsmilərinə Azərbaycan-İsrail əlaqələrinin güclənməsinə töhfə verdikləri üçün təşəkkür edib. Səfir İsrailin Azərbaycanla strateji münasibətləri inkişaf etdirməyi öz prioritetləri sırasına daxil etdiyini diqqətə çatdırıb. C.Dik eyni zamanda gələcəkdə İsraildə Azərbayacan səfirliyinin açılamasına ümid etdiyini də vurğulayıb.

Maraqlıdır, niyə Azərbaycan İsraildə səfirlik açmır?

Sualımızı cavablandıran AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, İsrailin bir çox müsəlman ölkələri ilə diplomatik münasibətləri yoxdur: 

“İsrail dövləti qurulanda bir neçə müsəlman dövləti ilə müharibə aparıb. Ona görə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və  bir sıra  ölkələr onunla diplomatik münasibətlər qurmayıb. Qüdsün,Fələstinin işğalı da buna təsir göstərən amillərdəndir.Qüds müsəlmanlar üçün çox önəmli yerdir. Bu səbəbdən İsrailə qarşı münasibətdə bir çox müsəlman ölkəsi prinsipialdır. Azərbaycan da islam dünyasının bir hissəsi olaraq bunu nəzərə almağa məcburdur. Başlıca səbəb budur”.

Politoloq buna rəğmən yəhudilərin Azərbaycanda hər zaman çox yaxşı yaşadığını vurğulayıb:

 “İndi də Azərbaycanla İsrail arasındakı əlaqələr normaldır. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra bu iki ölkə daha da yaxınlaşdı. İndi İsrail bu əlaqələrin daha da üst səviyyədə qalmasına çalışır və istəyir ki, sözügüdən səfirliyin açılmasına heç bir problem qalmasın”.

Ə.Məmmədli indiki məqamda İsraildə Azərbaycan səfirliyinin açılmasının islam dünyası xüsusi ilə də ölkəmizə ən yaxın iki islam ölkəsi Türkiyə və Pakistan tərəfindən düzgün anlaşılmayacağını diqqətə çatdırıb: 

“Bu məsələdə ehtiyatlı  davranmaq lazımdır”.