Çavuşoğlu – Lavrov görüşü: “Bu iki ölkə hibrid xarici siyasətdən istifadə edib...”

“...Ortaq bitişmə nöqtələri tapıb, əməkdaşlıq forması yaradırlar”

“Türkiyənin Ukrayna ilə bağlı dialoq təklif etməsini həm də bununla əlaqələndirmək olar”

“Rusiya isə Qərbin onu mühasirəyə almasının, sanksiyalar tətbiq etməsinin qarşısını almaq üçün Türkiyəni Qərbdən uzaqlaşdırmağa çalışır”


İsveçin paytaxtı Stokholmda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında dekabrın 2-də görüş baş tutub. Bu barədə Rusiya XİN-in Tviter hesabında paylaşım edilib.Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezdenti Vladimir Putin arasında telefon danışığının  olacağı da gözlənilir. Son dönəmTürkiyə-Rusiya münasibətlərində stabilliyin yarandığı məlumdur. Maraqlıdır, müşahidə olunan  mövcud durumun arxasında tərəflərin hansı maraqları dayanır? 


Analitik Turab Rzayev də “Sherg.az”a açıqlamasında hər iki ölkənin öz regional siyasətini aparmağa çalışdığını bildirib.Onun sözlərinə görə, Rusiya əvvəlki qədər qüdrətli olmasa da, dünya siyasətində aktiv rol oynayır:

“Eyni şəkildə Türkiyə regional gücdən dünya siyasətinə atılan bir ölkədir.O zamanla Yaxın Şərqdə, Balkanlarda,Qafqazda, Qara dənizdə öz təsir dairəsini genişləndirir. Müşahidə edirik ki, getdikcə Türkiyənin artan təsiri ilə Rusiyanın coğrafi nüfuz dairəsi kəsişir. Bu iki ölkə arasında münaqişə və düşmənçilik yaratmır. Əksinə əməkdaşlıq imkanları yaradır”. 

T.Rzayev hər iki ölkənin qlobal təhlükəyə, xüsusilə NATO və ABŞ-nin istəklərinə qarşı bəzən öz maraqlarını uyğunlaşdıra bildiklərini söyləyib: 

“Məsəl üçün, Rusiya Türkiyə vasitəsilə Qərbə təsiri balanslaşdırır. Rusiya da eyni şəkildə Türkiyədən istifadə edərək həm NATO daxilində parçalanma yaratmağa, həm də Qərb blokunun vahid şəkildə iştirakına mane olmağa çalışır. Ona görə də bu iki ölkə hibrid xarici siyasətdən istifadə edərək ortaq nöqtələri tapıb, əməkdaşlıq forması yaradırlar. Türkiyənin Ukrayna ilə bağlı dialoq təklif etməsini həm də bununla əlaqələndirmək olar”. 

Siyasi şərhçi qeyd edib ki, Türkiyə artan nüfuzuna qarşı Qərbin qısqanclığının qarşısını almaq istəyir:

“Eyni zamanda, onun Yaxın Şərqdə nüfuzunun artmasından narahat olan ABŞ-nin təzyiqini Rusiya ilə neytrallaşdırmağa çalışır”.

T.Rzayev rəsmi Moskvanın da hazırkı mövqeyinə  nəzər salıb:

 “Rusiya isə Qərbin onu mühasirəyə almasının, sanksiyalar tətbiq etməsinin qarşısını almaq üçün Türkiyəni Qərbdən uzaqlaşdırmağa çalışır. Bu şəkildə o həm iqtisadi baxımdan özünü sankisayalardan müdafiə etməyə, həm də siyasi cəhətdən qarşı cəbhəni zəiflətməyə səy göstərir”.