“Brüssel görüşündə ciddi qərar verilməyəcək”

“Çünki bu məsələnin əsas tərəfləri Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədir”

“Qərbin bu prosesə hər hansısa bir ciddi müdaxilə etmə imkanı olduğunu düşünmürəm” 

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın dekabrın 15-də Şərq Tərəfdaşlığı sammitinin keçiriləcəyi Brüsseldə görüşü baş tutacaq. Bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel "Twitter" səhifəsində yazıb. O bildirib ki, insidentlərin qarşısının alınması üçün Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa təmas yaratmaq barədə razılıq əldə olunub. 

Görüşün gündəliyində hansı məsələlərin olacağı barədə ətraflı məlumat verilmir. Lakin gündəliyin əsas məsələsinin sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması olduğu iddia edilir.  Qeyd edək ki, ötən şənbə 10 nəfər erməni əsilli hərbi qulluqçu qaytarıldı və  əvəzində Azərbaycan mina xəritələrini əldə etdi. Bu prosesin görüş öncəsi baş verməsi də təsadüf hesab olunmur.Və sual hasil olunur: -Məlum prosesin Brüssel görüşünə təsirləri nədən ibarət olacaq?

Mövzunu “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, bunu Brüssel görüşü öncəsi Azərbaycan tərəfindən müsbət addım kimi qiymətləndirmək olar: 

“Ümid edirəm ki, qarşı tərəfin təqdim etdiyi xəritələr dəqiq olacaq. Sözügedən addımın Brüssel görüşünə təsirinə gəlincə, hesab edirəm ki, danışıqlar zamanı ciddi qərar verilməyəcək. Çünki bu məsələnin əsas tərəfləri Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədir. Qərbin bu prosesə hər hansısa bir ciddi müdaxilə etmə imkanı olduğunu düşünmürəm”. 

Politoloq Qərbin prosesə öz təsirlərini qoruyub saxlamaq və ATƏT-in Minsk qrupunu işə salmaq istədiyini vurğulayıb:

 “Bu da bizim yox rəsmi İrəvanın, eyni zamanda, rəsmi Moskvanın hansısa maraqlarına cavab verir. Azərbaycan tərəfin Brüssel görüşündə hər hansısa güzəşt edəcəyinə inanmıram.Yəqin ki, Soçi görüşündə oldu kimi bəyanat veriləcək”. 

Ə.Məmmədli bu cür görüşlərdə əsas məsələlərin bağlı qapılar arxasında müzakirə olunduğunu diqqətə çatdırıb:

  “Görüşdən sonra biz bu münaqişənin hansı yöndə davam edəcəyini görəcəyik”.