İmoməli Rahmon hamını rəqsə çağırdı

“Dünyanın ən şən, nəşəli xalqı olmalıyıq”

Əhməd Qəşəmoğlu: "Bu şəxsin sosial psixologiya və sosial idarəetmə elmindən xəbəri yoxdur"


Tacikistan Prezidenti İmoməli Rahmon xalqına “dünyanın ən şən, nəşəli xalqı olmalıyıq” təlimatını verib. Və təlimatı da ilk olaraq özü icra etməyə başlayıb. Böyük stadionun tribunasında tacik milli rəqsinin sədaları altında rəqs etməyə başlayıb. Stadiona toplaşanlar da çəpik çalmağa, durduqları yerdə oynamağa başlayıblar.

 Əvvəla bunu bildirək ki, Tacikistan prezidentinin stadiondakı rəqsinin videosunu hazırda İstanbulda yaşayan yazar-jurnalist, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu paylaşıb. Bu videonu izləyəndə məşhur filmimiz “Bəyin oğurlanması” yada düşdü: Həsənin gələcək qayınatası İsrafilin qəzəbindən qurtulmaq üçün rəqqasə qızlara qoşulub İsabalanın ifası altında “Tello” mahnısına oynaması, “yuxarıdan” gələn müfəttişin də “emosiya azdı!” söyləməsi. İmoməli Rahmonun rəqsində də emosiya azdı. Ya ürəkdən oynamır, ya da oynamağa, diringi vurmağa əsaslı bir səbəb olmadığını özü də bildiyi üçün. “Gəlin şən olaq” deməklə əhali qəmin, kədərin daşını atarmı, görəsən? Dünyada belə təcrübə keçirilibmi və nəticəsi də gözlənildiyi kimi olubmu? 

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bildirdi ki, insanın şənlənməsi, əhval-ruhiyyəsinin yüksəlməsi üçün əsaslı səbəblər olmalıdır:

- Tacikistan prezidentinin xalqına “gəlin şən olaq” kimi bir təlimat verməsi onu göstərir ki, bu şəxsin sosial psixologiya və sosial idarəetmə elmindən xəbəri yoxdur. Elə bilirlər, deyəndə “gəlin şənlənək” hamı başlayacaq şənlənməyə və hamı şən olacaq. Bu, absurddur. “Gəlin şənlənək” söyləməklə insan şənlənməz. 

Müasir elm əsaslandırıb ki, əhalinin davranışlarında 4 mühüm amil iştirak edir: insanın şəxsi xüsusiyyətləri, mühit, informasiya və dəyərlər. 

Bunlar əhalinin davranışlarını şərtləndirən əsas amillərdir. Müasir cəmiyyətdə sözlə, tapşırıqla iş başa gəlmir. Buna bəlkə 50 il əvvəl, ötən əsrdə nail olmaq mümkün idi. Məsələn, Stalin kimi siyasi liderlərin zamanında. Hamı eyni vaxtda “ağlayıb”, eyni vaxtda “gülür”. 

Hazırda cəmiyyət fərqlidir. Hətta ən qapalı ölkələrdə də belə bir təlimatın həyata keçməsi mümkünsüzdür. 

Olsa da, süni və ötəri bir şey olacaq. Problemlər əhatəsində olan insan heç vaxt ürəkdən şənlənib, deyib-gülməz, qol qaldırıb oynamaz. Oynayacaqlar, amma ürəkdən deyil, üzə düşüb oynayacaqlar. Nəyinsə xatirinə. Əhalinin ovqatını yüksəltməyin elmi yolları var. 

Təəssüf ki, elmə diqqət göstərən yoxdur.