Ermənistanda “kollaps”: “Hərbi, siyasi rəhbərlikdə böhran, orduda xaos...”

Erməni əsgər xidmət yoldaşını güllələyib. 2003-cü il təvəllüdlü Ermənistan ordusunun əsgəri Senik Saakyan güllə yarası alıb. Ağır vəziyyətdə hospitala yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, hadisə 8 dekabr 23:50 radələrində ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birində yaşanıb. İlkin məlumatlara görə, yaralını əsgər yoldaşı güllələyib. S.Saakyanın vəziyyətinin kritik olduğu bildirilir. Qeyd edək ki, düşmən ölkədə analoji fakt və hadisələrin sayı artmaqdadır. Belə halların baş verməsi Ermənistan ordusundakı gərginlikdən, xaotik durumdan xəbər verir. 

Ermənistan ordusundakı vəziyyət  barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, düşmən ölkə rəhbərliyində dəyişikliklər olur, müdafiə nazirləri yenilənir:

“Bu da oradakı vəziyyətin stabil olmadığının göstəricisidir. Bunu hərbi hissələrdə xidmət edən əsgərlər də əks etdirir. Nizam-intizam aşağı səviyyədədir. Müharibəyə qədər müəyyən şəkildə qayda-qanunu tənzimləmək mümkün idi. Sonra isə məğlubiyyət yaşamış ordu mənəvi və psixoloji cəhətdən gərginliyə düçar olub”. 

Polkovnik əlavə edib ki, bu hərbi böhranın dərinləşməsi zabit və əsgərlər arasındada ciddi gərginlik yaradır:

 “Zabitlərin müəyyən bir hissəsi Qarabağ müharibəsində həlak olublar. Bu baxımdan zabit heyətin çatışmazlığı haqqında məlumatlar var. 

Hərbi hissənin özündə Köçəryan və Paşinyan tərəfdarları arasında müəyyən bir ziddiyyət də müşahidə olunur. Bu da hərbi, siyasi rəhbərlikdə yaranan böhranın nəticələridir. 

Düşünürəm ki, bu, bir müddət davam edəcək. İndiki zamanda sərhəddəki təxribatların səbəbi çox vaxt həmin hərbçilərin təsirlər altında olmasından irəli gəlir. Eyni zamanda revanşist qüvvələrə xidmət etməsi kimi izah etmək olar. 

Fikrimcə, erməni silahlı qüvvələri silah-sursat cəhətdən yardımlarla təmin olunsa da, mənəvi, psixoloji durumdan irəli gələn fəsadlardan qurtula bilməyəcək”.