Zaxarova səmimi deyil! - “Soçidə Zəngəzur dəhlizinin adı çəkilmədi”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə çıxış edib. O, Rusiyanın rəsmi Bakı və İrəvanla daim təmasda olduğunu bildirib. Eyni zamanda M.Zaxarova üçtərəfli razılaşmaların,o cümlədən sərhəd mübahisələrinin həlli və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair məsələlərin icrası üzərində işlədiyini bəyan edib. 

M.Zaxarova Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılmasının vacibliyini vurğulayıb.  XİN rəsmisi Moskvanın bu məsələ üzrə iki ölkənin milli nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözlədiyini söyləyib.

Maraqlıdır, sözügedən  nümayəndə heyətlərinin formalaşması hansı səbəblərdən gecikir? Rusiya bu istəyində nə dərəcədə səmimidir?


Mövzunu “Sherg.az”a şərh edən analitik Turab Rzayev söyləyib ki, Soçi görüşündən sonra da Ermənistanın masaya ancaq Rusiyanın təzyiqi ilə  əyləşdiyinin şahidi olduq: 

“Burdan çıxan yekun bəyanat da rəsmi İrəvanın könüllü istədiyi sənəd deyildi. Həmin görüşdə həm delimitasiya və demarikasiya, həm də dəhliz məsələsində onun üzərinə götürdüyü öhdəliklər aydın ifadə olunmayıb. Məsəl üçün, bir müddəda dəhlizin əvəzinə nəqliyyat kommunikasiya xətlərinin açılması yazılıb. Belə görünür ki, rəsmi İrəvan heç bu müddəanı da tanımayacaq”. 

Ekspert Rusiyanın bu məsələdə nə qədər səmimi olduğunu dəqiq təxmin etməyin çətin olduğunu deyib və 10 noyabr bəyanatına diqqət çəkib: 

“Bəyanata Zəngəzur dəhlizinin açılması eləcə də ordakı silahlı ermənilərin silahlaşsızdırılması ilə bağlı müddəalar daxil edilib. Bir ildən çox vaxt keçməsinə baxmayaraq bunların yerinə yetirilmədiyini görürük. Hətta Soçi görüşündə rəsmi Moskva ortaya açıq mövqe qoyub Zəngəzur dəhlizinin adını çəkmədi. Burada hansı səmimiyyətdən söhbət gedə bilər?”.

 T.Rzayev Zaxarovanın brifinqdəki nitqinə toxunub:

 “Aydın məsələdir ki, kommisiyanın formalaşması üçün Rusiya tərəfi özü təklif verməli idi. İndiyə qədər o bu yöndə addım atmayıb.Əgər bunun əksi olsa idi, diplomat çıxışında  biz lazımlı tədbirləri görmüşük indi isə partnyorlardan cavab gözləyirik deyərdi.Rəsmi Moskva ilk addımı atmadan tərəflərdən nəsə gözləyir”. 

Analitik hazırkı şəraitdə bu yöndə Azərbaycanın eləcə də rəsmi İrəvanın ilk addımı ata bilməyəcəyini deyib və səbəbini açıqlayıb: 

“Biz bununla bağlı addım atıb komissiyaya müraciət edə bilərik.Amma Ermənistanla  birbaşa əlaqələrimiz olmadığından bunu yalnız Rusiyanın vasitəçiliyi ilə həyata keçirmək şansımız var. Ermənistanın isə marağında olmadığı üçün komissiya yaradılmasını təklif etmir. Belə olduqda bu işin bütün məsuliyyəti rəsmi Moskvanın üzərinə düşür”.