Növbədənkənar paralament seçkiləri keçiriləcək? – AKTUAL 

“Hətta bəzi ekspertlərin fikrincə, yenidən parlament seçkiləri də, növbədənkənarın da keçirilmə ehtimalı var”

“Amma hər halda seçici kimi arzu edərdik ki, 125 deputatın hər birinin yeri dolsun”

“Onlar  parlamentdə təmsil olunsun. Çünki 5 dairədə artıq neçə illərdir ki, seçicilər deputatsızdır”

“Aidiyyəti qurumlar bu işin daha da sürətləndirilməsində maraqlı olmalıdır”  


Milli Məclisin boş qalan yerləri üçün seçkilər keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov  bildirib. O qeyd edib ki, Milli Məclisdə boş qalan yerlərə seçkilərin keçirilməsi, yəqin ki, yaxın zamanlarda mümkün olacaq: 
“Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır. Hesab edirəm ki, məsələ öz həllini tapacaq. Demək olar ki, bütün dairələr üzrə işlər tamamlanıb. Ancaq bəzi dairələrdə toplantı keçirilib, təsdiqlənmə qalıb”.  

MSK sədri xatırladıb ki, sahə seçki komissiyalarının formalaşdırılmasını dairə seçki komissiyaları reallaşdırır: 

M.Pənahov diqqətə çatdırıb ki,  bu prosesi daim nəzarətdə saxlayırlar. 
Qeyd edək ki, parlamentdə indiki mövqedə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisdə seçki vaxtı ümumilikdə 4 dairədə keçirilmiş seçki nəticələrini ləğv edib. 

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Eyni zamanda 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib. Bu səbəbdən onun da yeri boşdur.


Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu informasiya MSK sədri Məzahir Pənahovun fikri əsasında yayılıb: 

“Bilirik ki, seçkilər cəmiyyətdə həmişə həssas məsələlərdən biri hesab olunub.  Müəyyən səbəblərdən dolayı 5 dairədə yerlər boşdur. Ona görə də o dairələrdə seçki məntəqələrində seçkilər keçirilməsi zəruridir. Lakin məsələ ölkə başçısının müstəsna səlahiyyətindədir. Seçkilərin vaxtını prezident elan etməli və MSK da prosesi təşkil etməlidir. Ehtimallar hər zaman var. MSK sədri də bunu səsləndirib”. 

M.Zülfüqarlı bunu da diqqətə çatdırıb ki, hər il büdcədən MSK-ya pul ayrılır:

“Dairə seçki komissiyasının üzvləri də daimi əmək haqqı ilə təmin olunur. Yaxın həftələrdə seçkilərin keçirilməsi real deyil. Ehtimal ki, gələn ilin əvvəllərində prezidentin bu barədə sərəncamı olarsa, fevralın sonu, mart ayında gözlənilə bilər. Təbii ki, bu da bir ehtimaldır. Prezidentin bilavasitə səlahiyyətində olduğuna görə, zamanı yalnız ölkə başçısı müəyyən edə bilər. Ona görə də mütəxəssislər, bu işlə məşğul olan insanlar öz ehtimallarını dilə gətirə bilərlər. Hətta bəzilərinin fikrincə, yenidən parlament seçkiləri də, növbədənkənarın da keçirilmə ehtimalı var. Amma hər halda seçici kimi arzu edərdik ki, 125 deputatın hər birinin yeri dolsun. Onlar  parlamentdə təmsil olunsun. 

Çünki 5 dairədə artıq neçə illərdir ki, seçicilər deputatsızdır. Aidiyyəti qurumlar bu işin daha da sürətləndirilməsində maraqlı olmalıdır”.