Brüssel görüşündən gözləntilər: Vasitəçilik Rusiyadan Aİ-yə keçəcək? – ŞƏRH 

Bu gün də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ)Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.
Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.
Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.

Maraqlıdır , rəsmi Bakının  Brüssel görüşündən başlıca  gözləntiləri nələrdir? 

Sualımızı cavablandıran siyasi analitik Turab Rzayev “Sherg.az”a görüşdən bəzi pozitiv  məqamların ortaya çıxa biləcəyini deyib:

 "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu görüşün baş tutmasında xüsusi səyi var. O bundan əvvəl də tərəfləri ümumi ortaq müzakirəyə dəvət etmişdi. Məncə, Avropa İttifaqı bu məsələdə müsbət rol oynaya bilər. Aİ müharibə dövründə bəzi, xüsusilə, ermənipərəst qüvvələrin təsiri ilə daha çox Ermənistan tərəfindən çıxış edirdi. Ancaq müharibədən sonra biz mövqeyin yenidən dəyişdiyini,  daha çox sülhə, birgə yaşayışa, iqtisadi və siyasi əməkdaşlığa yönələn çağırışların şahidi olduq" . 

Siyasi analitik  Avropa İttifaqının Ermənistan-Azərbaycan məsələsinə bu cür yanaşacağı təqdirdə hər iki ölkənin arasında  sülh və iqtisadi əməkdaşlığın yarana biləcəyini söyləyib: 

"Tərəflər artıq müharibədən uzaqlaşıb sülh müqaviləsi bağlaya bilər. Belə olduqda onların Aİ ilə arasında olan inteqrasiya problemləri də həll olunar. Onunla daha çox yaxınlaşa bilərlər. Məhz bu faktorları nəzərə alaraq düşünürəm ki, bu görüşdə müsbət nəticələrin əldə edilmə ehtimalı var" .

 T. Rzayev bu məqamda Rusiyanın roluna toxunub: 

"Rəsmi Moskva münaqişənin tamamilə öz daxilində qalmasını istəyir. Çalışır ki, kənar qüvvələr münaqişə tərəflərinə təsir göstərə bilməsin. Məhz ona görə də 26 sentyabrda baş tutan Soçi görüşü Brüssel görüşündən öncə Rusiyanın məcburi olaraq  Paşinyanı Soçiyə aparması üçün təşkil edildi. Paşinyan artıq vasitəçiliyin Rusiyadan Avropa İttifaqına keçməsini istəyir. Bununla bağlı xatırlayırsızsa Şarl Mişelə müraciət etmişdi Avropa rəhbərliyi artıq bundan sonra həm Azərbaycan, həm Ermənistanın bir-birilə sülh və əməkdaşlıq şəraitində yaşamasını ortaq bir nöqtəyə gəlməsini istəyirlər" . 

Analitik   Avropa İttifaqının  bu işdə  həqiqətən səmimi olacağı təqdirdə ortaya müsbət nəticələrin çıxa biləcəyini vurğulayıb: 

"Yox əgər yenə də bəzi Avropa ölkələri kimi neytral mövqedən,  sülhdən, əməkdaşlıqdan danışıb əslində Ermənistanın maraqları müdafiə ediləcəksə o zaman əlbəttə ki,  real nəticə əldə etmək mümkün olmayacaq".