Ermənistanı yenidən cəzalandırmalı olacağıq

İndiki davranışları İrəvanın sülh barədə düşünmədiyini göstərir

Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirib. Bu dəfə də milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizə qarşı təxribat yönümlü hərəkətlər sərgiləyiblər. 

Bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb. Azərbaycan bayrağını tapdalayanlar separatçıların 2004-cü ildə qurduğu “Avo” futbol klubunun üzvləri olub. “Avo” klubu terrorçu Monte Melkonyanın adını daşıyır. Rəsmi Bakının məlumatına görə, digər ölkələrin prokurorluq orqanları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək. 

Növbəti erməni həyasızlığı ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, Ermənistan Vətən müharibəsində aldığı dərsdən nəticə çıxartmayıb. Deputatın sözlərinə görə, məntiqlə Ermənistan dövləti və dünyadakı ermənilər məğlubiyyətdən, əsassız və sərsəm iddiaların səbəb olduğu ağır fəlakətdən dərs almalı idi: 

“Ancaq görürük ki, ermənilər hələ ağıllanmayıblar. Onların davamlı təxribatları bundan xəbər verir. Ermənistan birmənalı anlamalıdır ki, bölgəyə mütləq sülh gəlməlidir. Region ölkələrinin rifahı onların əmin-amanlıq şəraitində yaşamasından keçir. Əgər Cənubi Qafqazın gələcəyini düşünürüksə, bölgədə istiqrar və sabitlik arzulayırıqsa, bütün ölkələr əlini daşın altına qoymalıdır. Ermənistanın indiki davranışları isə İrəvanın sülh barədə düşünmədiyini göstərir. Ermənilər yalnız təxribat barədə baş sındırır və prosesi pozmaq uğrunda addımlar atırlar. Münaqişənin, müharibənin hələ bitmədiyini, Ermənistanın “basqıya” məruz qaldığını göstərməyə çalışırlar. Hər istiqamətdə təxribata əl atmalarının yeganə məqsədi budur. Ancaq İrəvan gec-tez dərk etməlidir ki, bölgədə gərginliyin qalması ilk növbədə Ermənistanın özü üçün təhlükədir. Ermənistan öz qonşularına münasibətini sürətli şəkildə dəyişməli və normal əməkdaşlıqda həqiqətən maraqlı olduğunu bəyan etməlidir. Əks halda Ermənistanı yenidən cəzalandırmaqdan başqa çarəmiz qalmayacaq”.