Türkiyə ilə sərhədlərin açılması Ermənistana hava-su kimi lazımdır

"Rəsmi İrəvan gec-tez Ankara və Bakının ortaq tələbləri ilə razılaşmaq məcburiyyətində qalacaq"

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, İrəvan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazırdır. Onun sözlərinə görə, bu məsələ hazırkı hökumətin proqramında da yer alıb. Unanyan Türkiyə xarici işlər nazirinin ikitərəfli münasibətlərin nizamlanması məqsədilə xüsusi nümayəndələrin təyin olunması ilə bağlı bəyanatını dəstəklədiyini deyib: 

“Təsdiqləyirik ki, Ermənistan tərəfi də dialoqun keçirilməsi üçün xüsusi nümayəndə təyin edəcək”. Məlumat üçün bildirək ki, ötən gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcəyini bəyan edib. Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını bildirib. Nazir vurğulayıb ki, xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaq: “İrəvana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik”. 

İrəvan-Ankara münasibətlərinin normallaşma prosesi ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Turan Rzayev deyib ki, Çavuşoğlunun qeyd etdiyi məsələlər faktiki olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması mənasına gələ bilər. Lakin XİN rəhbəri “Türkiyə hər addımda Azərbaycanla birlikdə hərəkət edəcək” sözləri ilə rəsmi Bakının şərtlərinə diqqət çəkib: 

“Məsələ ondadır ki, rəsmi Bakının indiki halda Ermənistandan tələbi İrəvanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, Azərbaycanla sülh müqaviləsi imzalamasıdır. Bu məsələdə rəsmi Bakı ilə Ankaranın mövqeyi əvvəldən eynidir. 

İrəvan deyir ki, Ermənistan da Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək, lakin Ankaranın heç bir şərt irəli sürməsini istəmirlər. Ermənistan Türkiyə qarşısında hansısa şərt qoymaq iqtidarında deyil. Nəzərə alaq ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. 

Bu mənada deyə bilərik ki, rəsmi İrəvan gec-tez Ankara və Bakının ortaq tələbləri ilə razılaşmaq məcburiyyətində qalacaq”.