Millət vəkili ilə spiker söz savaşına çıxdı



Sabir Rüstəmxanlı: "Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur"

Sahibə Qafarova: "Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur?"


Milli Məclisin dünənki iclasında millət vəkili Sabir Rüstəmxanlı “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib. Deputat bildirib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Millət vəkilinin sözlərinə görə, qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq: “Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”. 

Parlamentin sədri Sahibə Qafarova isə deputatın sözlərinə sərt reaksiya verib. Spiker bildirib ki, heç bir qanun burada gurultulu qəbul olunmur: “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”. 

Deputatların bir qismi spikerin çıxışını alqışlayıb.

Sabir Rüstəmxanlı isə onların bu hərəkətini tərbiyəsizlik kimi dəyərləndirib və yenidən çıxış üçün söz istəyib. Lakin Sabir Rüstəmxanlıya yenidən çıxış etmək üçün şərait yaradılmayıb. Spiker S.Rüstəmxanlının bu hərəkətinə sərt reaksiya verib: “Sabir müəllim, xahiş edirəm sözlərinizə sərhəd qoyun, bura heç kim elə-belə yığışmayıb, hamı burda seçilən insanlardır”.