“Azərbaycan - NATO əməkdaşlığı qarşılıqlı maraqlara söykənir”

NATO baş katibi Yens Stoltenberq Brüsseldə  Prezident İlham Əliyevlə  birgə mətuat konfransı keçirib. O,NATO-nun Azərbaycanla Ermənistan arasında döyüşləri dayandıran razılaşmaları alqışladığını,münasibətlərin normallaşması üçün göstərilən səyləri və dialoqları dəstəklədiyini bildirib. Baş katib NATO-nun tərəf tutmadığını,hər iki ölkəni də özü üçün dəyərli tərəfdaş hesab etdiyini vurğulayıb.  

Maraqlıdır,hazırkı NATO-Azərbaycan əlaqələrində hansı pozitiv məqamlar var və münasibətlərin yaxınlaşması perspektivdə nələr vəd edir?

Sualımızı cavablandıran  millət vəkili, Azərbaycan Demoktatik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, rəsmi Bakı NATO-ya bir sıra istiqamətlərdə böyük dəstək verib: 

“Brüsel görüşündə baş katib Azərbaycanın çox etibarlı tərəfdaş olduğu deyib. Həmçinin onun silahlı qüvvələrinə Kabil aeroportunun müdafiəsi və evakuasiyanın təminatında, eyni zamanda Əfqanıstanda illərdir, həyata keçirilən əməliyyatlardakı böyük logistik dəstəyinə görə  təşəkkür edib. NATO-Azərbaycan əməkdaşlığı Azərbaycan Silahlı Qüvvələrinin müasir səviyyədə inkişafı üçün də vacibdir. NATO silahlı qüvvələrinin ikinci ən böyük ordusu olan Türkiyə silahlı qüvvələrinin dəstəyi ilə Azərbaycan ən müasir hərbi texnologiyalar əldə edib,ən müasir silahlarla təmin edilib”. 

Millət vəkili bölgədə sabitliyi qorumaqda önəm daşıyan srtateji layihələrin müdafiəsi  və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin inkişafının çox mühüm olduğunu deyib. O, eyni zamanda ölkə başçısının Brüssel görüşündəki nitqinə diqqət çəkib:

“Azərbaycanın bölgədə sülh, əməkdaşlıq mühitinin yaradılmasında maraqlı olduğunu prezident görüşdə açıq şəkildə bəyan etdi. Bu çox mühüm bir görüş idi. Onun NATO-nun baş şurasında  iştirakı da Azərbaycanın əməkdaşlığa, beynəlxalq hüquqi normalara riayət edən ölkə olduğu bir daha göstərdi”. 

A.Mollazadə rəsmi Bakının NATO-ya üzv olmaq istəmədiyini, amma onun bura üzv olan ölkələrdən daha çox əməkdaşlıq və tərəfdaşlıq istiqamətində işlər gördüyünü vurğulayıb. Millət vəkili tərəflər arasındakı əməkdaşlığın qarşılıqlı maraqlara söykəndiyini də diqqətə çatdırıb:

“Bu əməkdaşlıq davam edəcək. Azərbaycan bölgədə təhlükəsizliyi təmin etmək üçün ən müasir Silahlı Qüvvələrə malik olan ölkədir. O bundan sonra da öz ordusunun möhkəmliyi və peşəkarlıq səviyyəsininin yüksəlməsi istiqamətində bu əməkdaşlığı inkişaf etdirəcək”.