Ermənistana əlavə vaxt verilmədi

Bütün hallarda Azərbaycanın tələbləri beynəlxalq müstəvidə dəstəklənir

"44 gündə hərbi qələbəmizi də təmin etdik. İndi tarixi Zəfərimizə söykənərək siyasi qələbələri davam etdiririk"

“Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”. Bunu Prezident İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. Növbəti dəfə Ermənistan hökumətinə xəbərdarlıq edən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın mövqeyi açıq-aydındır. Ölkə rəhbəri bəyan edib ki, Bakı sülh istəyir, müharibə yox: “Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”. Bölgədəki vəziyyətə toxunan Prezident hazırkı durumun nisbətən sabit olduğunu vurğulayıb: 

“Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”. Dövlət başçısı əlavə edib ki, Ermənistanın müharibədə məğlubiyyəti yüksək gözləntilər və hərbi-siyasi potensialın qeyri-real qiymətləndirilməsi səbəbindən onların cəmiyyətində psixoloji travma yaradıb. O baxımdan ölkə rəhbəri bildirib ki, Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır: 

“Biz qonşuyuq və heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”. 

Dövlət başçısının nüfuzlu media orqanına müsahibəsində diqqət çəkdiyi məqamları “Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanın konstruktiv mövqeyi ilə bağlı heç bir ölkənin, siyasi dairələrin şübhəsi yoxdur. Deputat vurğulayıb ki, rəsmi Bakı Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün bütün zəruri addımları atır:

 “44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə regiondakı prosesləri dəyişib. Azərbaycan münaqişəyə son qoymaqla Cənubi Qafqazın təhlükəsizliyini təmin etmək üçün ilkin şərtləri formalaşdırıb. Bölgədə müxtəlif aspektlərdə maraqları olan subyektlər Azərbaycanın bu töhfəsini yüksək qiymətləndirməlidir. Hamı yaxşı bilir ki, regionun təhlükəsizliyi üçün təhdid yaradan ölkə Ermənistandır. Postmünaqişə mərhələsində atılacaq addımları əngəlləyən İrəvan özünün təxribatçı mövqeyini nümayiş etdirməkdədir. Azərbaycan tərəfi Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyasının aparılmasını təklif edir, bunun üçün lazım olan addımları atır. Regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində təşəbbüslər irəli sürür. Amma Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Xüsusən, noyabr ayının ikinci ongünlüyündən etibarən ardıcıl təxribatlar törətməyə başladı. Məqsəd münaqişənin hələ davam etdiyi təəssüratını yaratmaq, sərhədlərin müəyyən olunmasına mane olmaq və yekun sülh sazişinin imzalanması prosesini uzatmaq idi. Ermənistan tamamilə başqa mövzuları müzakirə predmetinə çevirmək niyyəti güdürdü”. 
Parlament üzvü vurğulayıb ki, Ermənistan tərəfi dekabrın 15-də Brüsseldə keçirilmiş görüşdə süni gərginliyin əsas müzakirə mövzusu olmasını istəyirdi: “Bununla Ermənistan əlavə vaxt qazanmış olacaqdı. Lakin bunlar baş vermədi. Brüsseldə baş tutmuş görüşdə sərhədlərin müəyyənləşməsi, üçtərəfli bəyanatların icrasına uyğun addımların atılması prioritet oldu. Bu da Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda dəmiryol xəttinin açılması ilə bağlı razılaşmanın əldə olunması, qarşılıqlı nəzarət mexanizminin vacibliyinin vurğulanması rəsmi Bakının mövqeyinə uyğundur. Bütün hallarda Azərbaycanın tələbləri beynəlxalq müstəvidə dəstəklənir. Cənubi Qafqazda özünün bu və ya digər maraqlarını tətbiq etmək istəyən subyektlər yaranmış yeni geosiyasi konfiqurasiyanı qəbul edir. Müharibədən öncə siyasi qələbələr qazanırdıqsa, 44 gündə hərbi qələbəmizi də təmin etdik. İndi tarixi Zəfərimizə söykənərək siyasi qələbələri davam etdiririk. Hazırda əsas təzyiq və təsir obyekti Ermənistandır. İrəvan hökuməti yeni reallıqlara uyğun konstruktiv addım atmalı, hərbi-siyasi təxribatlardan uzaq durmalıdır. Cənab Prezidentin vurğuladığı məqam ondan ibarətdir ki, Ermənistan öz imzasına hörmətsiz yanaşır, öhdəliklərinə əməl etmir. Ona görə də Ermənistanı buna vadar etmək lazımdır”.