Brüsseldə liderlər razılığa gəldilər

Ermənistan tərəfi tezliklə dəmir yolunun çəkilişinə start verəcək

Laçın dəhlizi məsələsində Avropa Birliyinin sərgilədiyi mövqe Azərbaycanın maraqlarına tam uyğundur


Dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Şarl Mişelin liderlərlə əvvəlcə ayrı-ayrılıqda təşkil etdiyi görüşdən sonra üçtərəfli görüş baş tutub. Azərbaycan və Ermənistan rəhbərləri 44 günlük müharibədən sonra ilk dəfə təkbətək görüşmək imkanı da əldə ediblər. 

Konstruktiv mühitdə keçən görüşlərdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib. Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Həmçinin, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi tezliklə dəmir yolunun çəkilişinə start verəcək. Gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı da müzakirələr davam etdiriləcək. 

Görüşün nəticəsi olaraq Avropa İttifaqının prezidenti tərəfindən bəyanat verilib. Bəyanatda Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 10 noyabr, 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin, sənəddə minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Qeyd edək ki, bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. 

Millət vəkili Sahib Aliyev bildirib ki, Nikol Paşinyanın noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Deputatın sözlərinə görə, Şarl Mişelin görüşün nəticəsi haqda rəsmi bəyanatı məhz bundan xəbər verir:

 “Sənəddə açıq şəkildə vurğulanır ki, Avropa Birliyi üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini,  Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, itkin düşmüşlərlə bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel səhrədlərin dəqiqləşdirilməsinin də tezləşdirilməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır. Ermənistanın Baş naziri Nikol Paşinyan özünəxas populistliklə görüşü İrəvanın “qələbəsi” kimi təqdim etməyə çalışır. Lakin dəhliz məsələsində Avropa Birliyinin sərgilədiyi mövqe Azərbaycanın maraqları baxımından daha əlverişlidir. Brüssel danışıqlarından və Şarl Mişelin rəsmi açıqlamasından gəldiyim nəticə budur ki, rəsmi Bakının xarici siyasətdəki balanslı davranışı postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə, vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diktə edən tərəf rolunda Azərbaycan çıxış edir və edəcək”.

Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, Ermənistan rəhbəri görüşə “ciddi hazırlıqla” getmişdi. Deputatın sözlərinə görə, İrəvan görüşdən əvvəl cəbhə xəttində davamlı təxribat törədərək Azərbaycana qarşı ittihamlar səsləndirməyi planlaşdırırdı. Ancaq Paşinyanın arzusu bu dəfə də ürəyində qaldı: 

“Brüssel görüşünə böyük ümidlərlə gedən Paşinyan növbəti dəfə pərt oldu. Onun görüşdəki üz cizgilərindən də bu, açıq müşahidə olunurdu. Görüş konstruktiv mühitdə keçdi, bir sıra mühüm məsələlər müzakirə olundu. Avropa İttifaqı bu istiqamətdə Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirdi. Azərbaycan uzun müddətdir mina məsələsini gündəlikdə saxlamağa çalışırdı və bu görüşdə həmin məqsədinə nail oldu. Ermənistan tezliklə dəmir yolunun çəkilişinə start verəcək. Azərbaycan növbəti dəfə Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində beynəlxalq müstəvidə Ermənistan üzərində diplomatik qələbəsini təmin etdi. Ermənistan anlamalıdır ki, onun Azərbaycanla əməkdaşlıqdan və yekun sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Artıq bütün dünya Ermənistandan üz çevirib. Əgər Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmasa, ölkə daha ağır duruma düşəcək”.