Qərb-Rusiya toqquşması hər zaman aktuallığını qoruyur

Ancaq Almaniya və Fransa Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı deyil

Avropa İttifaqı, ABŞ və Böyük Britaniya Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları müzakirə edir. Ancaq Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bu barədə hələlik konkret qərar verilmədiyini deyib. Borrel vurğulayıb ki, Aİ çəkindirici mövqedən çıxış edir. Lakin Aİ rəsmisi Ukraynaya qarşı işğal siyasətinin Rusiyaya baha başa gələcəyini bildirib. Avropa İttifaqının bir sıra iri dövlətləri Ukraynaya qarşı mümkün eskalasiyaya görə Rusiyaya ağır sanksiyaların tətbiqinə qarşı çıxırlar. Xüsusən Fransa və Almaniya Rusiya ilə sərt sanksiyalara yox, danışıqlara üstünlük verir.

Aparıcı Qərb ölkələrinin Moskvaya münasibətdə nisbətən “yumşaq” mövqe sərgiləməsi ilə bağlı “Şərq”ə danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, ABŞ və Avropa Birliyi ilə Rusiyanın münasibətləri, bir-birinə yanaşması və mövqeyi bəzi tarixi hadisələrə əsaslanır. Siyasi şərhçiyə görə, 18-19-cu əsr boyunca davam etmiş müharibələr Avropanın siyasi mənzərəsini tamamilə dəyişib:

 “1898-ci ildən etibarən, yəni Amerikanın beynəlxalq münasibətlərə hərbi yöndə daxil olmasından sonra Avropa “bufer zona” rolunu oynamağa başlayıb. Bu məqam Birinci və İkinci dünya müharibələrinin gedişində də özünü göstərdi. Almaniyanın gücü əsasında Avropada mərkəzçilik ideologiyasına söykənən fikirlər qalmaqdadır. 

İdeoloji olaraq bunun fransızların maarifçiliyinə dayanan tezislərdən qaynaqlanması da mümkündür. Məsələ ondan ibarətdir ki, Ukrayna, Gürcüstan və digər nüanslarla bağlı Qərb-Rusiya toqquşması hər zaman aktuallığını qoruyur. 

Amma problem odur ki, Qərb və avro-atlantik məkan vahid deyil. Məsələn, Almaniya Rusiyanın tamamilə sıradan çıxmasını istəmir. 

Hesab edir ki, əgər Rusiya sıradan çıxarsa, onun yerini ABŞ tutacaq. Avropada üçüncü bir mərkəz beynəlxalq münasibətləri tarazlamaq üçün yaradılıb. Ayrılıqda isə Fransa və Almaniyanın Rusiyaya qarşı sərt mövqe sərgiləməməsinin səbəbi Moskvadan asılılıqdı. Avropa Birliyi bazarında, enerji təchizatında, o cümlədən təhlükəsizlik sahəsində Rusiyanın payı və rolu böyükdür.

  O səbəbdən Almaniya və Fransa ABŞ və Böyük Britaniyadan fərqli olaraq Moskvaya münasibətdə daha “yumşaq” siyasət güdürlər”.