Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Brüssel danışıqlarının yekunlarını şərh edib. M.Zaxarova bildirib ki, Kreml Azərbaycan və Ermənistan arasında birbaşa təmasların davam etdirilməsini alqışlayırıq:
“İki liderin görüşü sözün əsl mənasında dünən axşam baş tutub. Görüşlə bağlı informasiyalar gəlməkdə davam edir. Mütəxəssislərimiz onları təhlil edirlər. Ümid edirik ki, Brüssel müzakirələrinin nəticələri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əvvəlki görüşlərdə əldə etdikləri üçtərəfli razılaşmaların reallaşmasına töhfə verəcək”.
M.Zaxarovanın bəyanatını “Sherg.az”a dəyətləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Rusiyann özünü səmimi göstərməkdən başqa yolu yoxdur:
“Rusiya indiki vəziyyətdən, Avropa və Türkiyənin müdaxiləsindən narahatdır. Konfiqurasiyalar, reallıqlar dəyişir. Daha Amerika, Rusiya istədiyini edə bilmir. Yeni qütblü dünyada da dağılmış daşlar yerinə oturur. Belə bir durumda Azərbaycan çalışmalıdır ki, öz yerini möhkəm saxlaya bilsin. Soçi və Brüssel görüşünün nəticələrini gedişatda görəcəyik. Ən azından bildiyimiz kimi bu məsələ Rusiyanın inhisarından çıxıb. Bu məsələ Azərbaycan, Türkiyə və Qərbin maraqlarına cavab verir. Amma unutmayaq ki, Avropa prosesləri ATƏT-in Minsk qrupunun nəzarəti altına yenidən qaytarmağa çalışacaq. Bu, Azərbaycanın maraqlarına qətiyyən xidmət etmir. Çünki ABŞ və Fransanın mövqeyi məlumdur. Azərbaycanın tərəfində olan bir aspekt deyil”.