“Altılıq platforması” hansı halda uğur qazana bilər? – AKTUAL ŞƏRH


Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə XİN rəhbərləri "3+3" formatının ilk görüşünün nəticələrini müzakirə edib. Bu gün İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclasında Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında görüş keçirilib.  

Xarici İşlər Nazirliyindən “Sherg.az”a verilən məlumata əsasən, nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tərəflər, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini barədə müzakirə aparıblar. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraqları ifadə ediblər.
Görüş əsnasında nazirlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, həmçinin hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamət üzrə atıla biləcək addımları müzakirə ediblər.

Eyni zamanda bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

“Alqtılıq platforması” və türk-islam birliyinin əhəmiyyətini “Sherg.az”a şərh edən AĞ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, 3+3 platforması işə başlasa, regionda Türkiyə və Rusiyanın başçılığı ilə Cənubi Qafqaz respublikalarının siyasi dialoqu başlayacaq:

 “Həmçinin davamı olaraq iqtisadi münasibətlər və layihə olaraq bu regionda sülhün, əmin-amanlığın yaradılması düşünülüb. Amma burada bir çox əmmalar var. Azərbaycan- Ermənistan münaqişəsi tam həll olunmayıb, Gürcüstanın əraziləri işğal altındadır. Eyni zamanda Gürcüstan Rusiyanı ittiham edir. Hər an Gürcüstan bu məsələdə iştirak etməyə bilər. Yəni suallar çoxdur. Addım atılıb. Amma həmin platformada olan ölkələr bir-birləri ilə problemlərinin ən azı 70-80 faizini həll etməlidir. Ermənistanla həllini tapmayan məsələlərə görə platformanın çox gedəcəyinə nikbin yanaşmıram. Amma təbii ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Azərbaycanın ərazi bütövlüyü tanınsa, ölkəmiz sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərin yuridiksiyasını bərpa etsə, platformanın gələcəyini uğurlu görürəm”.