Brüsseldə iki qələbə...

Bakı böyük jest etdi

Beləliklə, Avropa masasında münaqişənin bitdiyi reallığı qəbul olundu

Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə daha 10 nəfər erməni hərbi qulluqçu Ermənistana təhvil verilib. Təhvil verilmiş ermənilər noyabrın 16-da Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan şəxslər olub. Xatırladaq ki, dekabrın əvvəlində 10 nəfər erməni İrəvana verilərək, əvəzində minalanmış bütün ərazilərin xəritələri alınmışdı. 

Budəfəki prosesdə rəsmi Bakının nəyin qarşılığında erməni hərbi qulluqçularını təhvil verməsi ilə bağlı rəsmi məlumat yoxdur. Hər şeyə rəğmən, Azərbaycan tərəfinin bu addımı rəsmi Bakının humanizm prinsiplərinə sadiqliyinin növbəti təzahürü kimi dəyərləndirilir və Qərb ölkələri tərəfindən alqışlanır. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb. AB rəsmisi hər iki ölkənin rəhbəri ilə uğurlu görüşlər üçün Azərbaycan və Ermənistanla işləməyə davam edəcəklərini vurğulayıb. Fransa və ABŞ rəhbərliyi də erməni hərbçilərin İrəvana təhvil verilməsindən məmnunluq duyduqlarını bəyan ediblər. Prezident Emmanuel Makron və ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bunu irəliyə doğru addım kimi qiymətləndiriblər. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, mina xəritələrinin dəqiq olmasa belə hamısının alınmasından sonra 10 erməni hərbçinin qaytarılması müqabilində Bakının nə əldə etdiyi aktuallaşır. Analitikin fikrincə, əslində Bakı istədiyini Brüssel görüşündə alıb: 

“Görüşdən öncə Rusiyanın vasitəçiliyi ilə 10 erməniyə qarşı bütün xəritələr alındı. Aİ-nin Bakıda saxlanılan ermənilərin bir neçəsinin qaytarılmasına vasitəçilik edəcəyi gözlənilən idi. Amma bunun qarşılığında nə veriləcəyi məsələsinə dair suallar vardı. 

Brüssel görüşündən qabaq yazmışdım ki, Bakı görüşünün nəticələrinin, eləcə də bundan sonrakı bütün bəyanatların məhz post-münaqişə dövrü ilə bağlı olmasını istəyə və bununla Avropa masasında münaqişənin bitdiyi reallığını qəbul etdirə bilər. 

Azərbaycan Brüsseldə bunların ikisinə də nail oldu. Müzakirə edilən məsələlər və görüşün nəticələrinə dair verilən bəyanatlar post-münaqişə dövrü ilə bağlı idi. Qarabağın adı isə ümumiyyətlə çəkilmədi. Beləliklə, Avropa masasında münaqişənin bitdiyi reallığı qəbul olundu. 

Görünür, bu nəticəyə qarşılıq rəsmi Bakı 10 erməninin qaytarılmasını təmin edərək Avropa İttifaqına böyük siyasi jest etdi”.