Gürcüstanın regional platformada iştirakı qaçılmazdır

Gec-tez Tbilisi Ankara və Bakının çağırışlarına müsbət cavab verəcək

İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən növbədənkənar iclasında Azərbaycan və Türkiyə xarici işlər nazirləri - Ceyhun Bayramov və Mevlud Çavuşoğlu görüşüblər. İki qardaş ölkənin strateji münasibətlərindən danışan XİN rəhbərləri “3+3” formatında görüşün nəticələrini də müzakirə ediblər. Nazirlər regional əməkdaşlıq mexanizminin irəli aparılmasının zəruriliyini vurğulayıblar. Tərəflər növbəti aylarda bu istiqamətdə atıla biləcək addımlardan da danışıblar. Eləcə də bölgədəki cari vəziyyət, postmünaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. 

Türkiyənin xarici işlər naziri bildirib ki, Moskvada “3+3” formatında keçirilən ilk görüşün davamı da gələcək: “Növbəti görüşü Türkiyədə keçirməyi planlaşdırırıq. İnanırıq ki, Gürcüstan da həmin görüşdə iştirak edəcək”. Xatırladaq ki, Gürcüstan Moskvada “3+3” formatında keçirilən görüşün ilk toplantısına qatılmayıb. Tbilisi hökuməti Rusiyanın təmsil olunduğu platformalarda yer almayacağını bəyan edib.  

“Altılıq” platformasının reallaşması istiqamətində atılan addımları “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Cənubi Qafqaz ölkələri müxtəlif formalarda bir-biri ilə əməkdaşlıq edə bilər. Yetər ki, ortada nəticə olsun. Analitikin fikrincə, ilkin görüşlərin məqsədi regional əməkdaşlığın formasını müəyyən etməkdir: “Region ölkələri arasında danışıqlar, müzakirələr davam edir. 

Bu və ya digər formada bölgədə gedən müzakirələr Gürcüstanın da maraqlarına toxunacaq. Gürcüstanın regional əməkdaşlıqda iştirakı dolayı yolla da çox vacibdir. Gürcüstan müxtəlif enerji və nəqliyyat layihələrinin əsas iştirakçısıdır, tranzit ölkədir. Bu baxımdan Gürcüstanın regional platformalarda təmsil olunması qaçılmazdır. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Rusiya və Türkiyə arasında yük daşımaları həyata keçirilir. Burada Tbilisinin maraqları danılmazdır. Düşünürəm ki, gec-tez Gürcüstan hökuməti Ankara və Bakının çağırışlarına müsbət cavab verəcək”.