Ankaraya yollar görünür

Gürcüstanı "Altılıq" platformasında ən çox Ermənistan arzulayır

Paşinyanın Tbilisi səfərində daha çox bu məsələ müzakirə olunub

Məlum olduğu kimi Gürcüstan Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi İrakli Qaribaşvili ölkəsinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tbilisi Rusiya faktoruna görə “3+3” platformasının ilk görüşündən imtina edib. Bununla belə ekspertlər Gürcüstanın büsbütün “Altılıq” platformasından üz döndərəcəyini istisna etmirlər. Xəbər verildiyi kimi “3+3 platforması”nın növbəti iclası Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. Türkiyəli rəsmilər indidən çalışır ki, Ankaradakı görüşdə Gürcüstan da iştirak etsin. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Abxaziya və Cənubi Osetiya problemləri səbəbindən rəsmi Tbilisinin “3+3 platforması” ilə bağlı qərar verməsi çətindir. Lakin ekspert bu formatın təşəbbüskarının Azərbaycan və Türkiyə prezidentləri olmasına diqqət çəkib: 

“Gürcüstana təklif Ankara və Bakıdan gəlib. İndiki halda həm Türkiyə, həm də Azərbaycan Gürcüstanın “3+3” formatında iştirakını arzulayır. Bu, Moskvada baş tutmasa belə, Ankarada baş tutmalıdır. Türkiyə və Azərbaycan kimi Ermənistan da Gürcüstanın “3+3 platforması”nda iştirak etməsini istəyir. Çünki İrəvan buna ehtiyac duyur. Türkiyə ilə münasibətlərin bərpası və Qərbə inteqrasiya baxımından bu platforma İrəvan üçün əvəzolunmaz fürsətdir. Rusiya və İranın platformanı dəstəkləməsi Ermənistanı istəklərinə bir addım da yaxınlaşdırır. Gürcüstananın Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etməməsi İrəvanı çətin vəziyyətdə qoydu. Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 20-də Gürcüstana işgüzar səfər etdi. Paşinyan İrakli Qaribaşvili ilə əvvəlcə təkbətək görüşüb. Daha sonra liderlərin iştirakı ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçirilib”. 

T.Rzayev qeyd edib ki, Paşinyan-Qaribaşvili görüşü hər nə qədər işgüzar xarakterli olsa da, qapalı qapılar ardında Gürcüstanın “3+3 platforması”na qayıtması istiqamətində müzakirələr gedib: 

“Rəsmi İrəvan Gürcüstanın platformadan kənarda qalmasını istəmir. Onsuz da hazırda Paşinyana Türkiyə ilə münasibətləri bərpa etdiyi üçün kifayət qədər tənqidlər səslənir. Qərbə inteqrasiya edən Gürcüstanın platformada iştirak etməsi Paşinyana təzyiqləri azalda bilər. Paşinyan bu sayədə müxalifətə deyəcək ki, Ermənistan bölgə ölkələrinin hamısının iştirak etdiyi platformadan kənarda qala bilməzdi”.