İrəvanın əlində heç nə qalmadı

Hərbçilərimizin vaxtında geri alınması düzgün qərar idi

Əks təqdirdə, Ermənistan bundan təbliğat üçün istifadə edəcəkdi

Xəbər verdiyimiz kimi dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Teymur Hüseynov və əsgər Murad Mustafayev əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçiblər. Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəflə aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların geri qaytarılması təmin olunub. 

Hərbçilərimizin geri alınması prosesində Rusiya sülhməramlıları da iştirak ediblər. Bir sıra ekspertlər hərbçilərimizin saxlanıldığını əks etdirən videoda diqqətçəkən məqama toxunublar. Bildiriblər ki, həmin an əsgər Murad Mustafayevin qara maskada olması ermənilərin qara niyyətindən xəbər verir. İddiaya görə, hərbçilərimizin qaytarılması prosesi uzansaydı, bu istiqamətdə təbliğat aparacaqları gözlənilən idi. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında deyib ki, Ermənistan müharibədən sonra Azərbaycan əsgərinin yolunu azaraq ermənilər tərəfə keçməsini və saxlanılmasını özləri üçün “qələbə” hesab edirlər. Ekspert xatırladıb ki, Qarabağda anti-terror əməliyyatı, o cümlədən, sərhəd təxribatları zamanı xeyli sayda erməni hərbçi saxlanılıb. Ancaq sonradan danışıqlar zamanı müəyyən hissəsi Ermənistana qaytarılıb:

 “Ermənilərin hissə-hissə geri verilməsi müharibədə məğlub olan Ermənistana ikinci böyük zərbə sayılırdı. Erməni ictimaiyyətində narazılığın səviyyəsi artırdı. Bu baxımdan İrəvan üçün bir azərbaycanlı əsgərin saxlanılması və hansısa erməni ilə dəyişdirilməsi “güc nümayişi” baxımından çox əhəmiyyətlidir. Fikrimcə, saxlanılan iki hərbçimiz vaxtında alınmasaydı, Ermənistan bundan təbliğat üçün istifadə edəcəkdi. Hərbçilərimizin saxlanıldığının əks olunduğu videokadrlarda əsgərimizin üzündə maskanın olması bu kontekstdə diqqət çəkir. Digər hərbçimizin üzündə isə maska yox idi. İstisna deyil ki, bunun belə olmasını “Azərbaycanın xüsusi təyinatlı əsgərini tutmuşuq” görüntüsünü yaratmaq məqsədilə əli silahlı ermənilər istəyib. Çünki müharibədə və sonrasında erməni ordusu üzərində Xüsusi Təyinatlı Qüvvələrin təsiri çox böyük oldu. Hətta İrəvana qaytarılan erməni hərbçilərin biri ifadəsi zamanı bildirdi ki, 60-dan çox erməni hərbçisini cəmi 7 nəfər XTQ qulluqçusu zərərsizləşdirib. Ermənistanın hərbi rəhbərliyi erməni hərbçilər üzərindəki Azərbaycan XTQ-sinin xofunu götürməkdə maraqlıdır. Bu baxımdan hərbçilərimizin vaxtında geri alınması düzgün qərar idi. Azərbaycanın humanist addımlarına baxmayaraq, Ermənistanın onlardan təbliğat maşını üçün istifadə edə biləcəyi mümkün idi”. 

A.Nərimanlı vurğulayıb ki, Ermənistanda “niyə saxlanılan azərbaycanlı hərbçilər Bakıda saxlanılan erməni hərbçilərlə dəyişdirilmədi” məsələsi ətrafında müzakirələr aparılır: 

“Ermənistanın Bakıda saxlanılan erməni hərbçiləri qaytarmaq üçün müəyyən təxribatlara əl atması mümkündür. Nəzərə alaq ki, Azərbaycan mina xəritələrinin hamısını alıb və mübadilə üçün İrəvanın əlində heç nə yoxdur. Amma Paşinyan hakimiyyəti üçün erməni hərbçilərin qaytarılması həm də daxili ictimai rəy üçün vacibdir. Hesab edirəm ki, Azərbaycan erməni hərbçilərin növbəti mübadiləsində siyasi baxımdan daha böyük əhəmiyyəti olan şərtlər irəli sürə bilər. İrəvan da məhz belə şərtlərlə üzləşməmək üçün hərbçilərimizin saxlanılması kimi təxribatlara əl ata bilər”.