Rusiyanın "humanitar" yardımı bitmir

Laçın dəhlizinə mütləq post qoyulmalıdır

Ya da Kreml qarşısında tələb qoyulmalıdır ki, silahlı ermənilər Qarabağı tərk etsin

Rusiya hərbi karvanı Laçın dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə “humanitar” yardım gətirib. Rusiya bu cür “humanitar” yardımları Ukraynanın Donbass bölgəsinə də edir. Bir müddət sonra yardımların ərzaq deyil, silah və sursatlardan ibarət olduğu ortaya çıxır. Qarabağda silahlı erməni dəstələrinin sayının 15 minə yaxın olduğu və onların silah təchizatının məhz Laçın dəhlizi vasitəsi ilə həyata keçirildiyi məlumdur. 

10 noyabr üçtərəfli bəyanatına görə silahlı erməni birləşmələri ərazilərimizi tərk etməliydi. Amma Rusiya tərəfi öhdəliklərinə əməl etmir. Əksinə, oradakı qanunsuz silahlı dəstələrin təchizatını da “humanitar yardım” adı altında həyata keçirir. 

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Rusiya tərəfi Qarabağdakı etnik ermənilərə nə “humanitar yardım” göstərməli, nə də hər hansı fərqli fəaliyyət icra etməlidir. Analitikə görə, sülhməramlıların missiyası bölgədə sülhün və təhlükəsizliyin təminidir:

 “Azərbaycan Laçın dəhlizinə nəzarəti öz əlinə almayana kimi Rusiya silahlı erməni birləşmələrinin əli ilə ölkəmizə başağrısı yaratmağa davam edəcək. Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib. Prezident İlham Əliyevin Brüsseldə “Laçın dəhlizində post qoyulmalıdır” mesajı təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi. Bu, Rusiyanın Qarabağda erməni separatçılarının silahlandırılmasının qarşısını almağa yönəlik açıqlama idi. Laçın dəhlizi Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Rusiya tərəfi bir müddətdən sonra Qarabağda qondarma şəkildə yaratdığı “rus icmasına” pasport paylayacaq. Bu da Azərbaycan üçün ciddi problemə çevrilə bilər. Qondarma “rus icmasını” yaratmaqda Kremlin hədəfi Qarabağda daimi qalmaqdır. Amma Rusiyanın geosiyasi ambisiyalarının qarşısı alınacaq”. 

Siyasi şərhçi vurğulayıb ki, gələn ildən Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısını almaq üçün Laçın dəhlizində mütləq post qoyulmalıdır:

 “Əlbəttə, Rusiyanın buna reaksiyası mənfi olacaq. Lakin Moskvanın Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün Qarabağdakı erməni silahlılarından istifadə cəhdlərinin qarşısı birdəfəlik alınmalıdır. Kreml qarşısında konkret tələb qoymalıyıq. Ya silahlı erməni birləşmələri Qarabağdan çıxarılmalı, ya da dəhlizdə post qoyulmalıdır”.