Dekabrın 18-də gündüz saatlarında Azərbayca Orudusunun iki hərbi qulluqçusu Laçın rayonu istiqamətində yolu azaraq Ermənistan tərəfə keçib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraiti səbəbilə yolu azıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-də geri qaytarılması təmin olunub. Qeyd edək ki, ötən günlərdə isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilib.
Əsirlərin qaytarılmasının xoş niyyət göstəricisi olduğunu söyləyən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a deyib ki, istər Rusiya, istər Gürcüstan, istərsə də Avropa İttifaqı (Aİ) vasitəsilə Azərbaycan dəfələrlə bunu icra edib:
“Bildiyimiz kimi Azərbaycanın azad etdiyi şəxslər cinayətlərdə əli olmayan, birbaşa iştirak və əmrə tam şəkildə əməl etməyənlərdir. Azərbaycan qanunvericiliyi qarşısında ittiham edildikləri maddələrə görə də müəyyən hissə cəzalarını çəkib. Ona görə də bu addıma diplomatiyanın uğuru kimi yanaşmaq olar. Həmçinin bunların nəticəsində mina xəritələrinin əldə olunması prosesi yaşanıb”.
Ekspertin fikrincə, daha çox proses həm də iki tərəfin danışıqları davam etdirməsi prizmasından çox önəmli bir məsələdir:
“Erməni tərəfi, xüsusən Paşinyan öz daxili cəmiyyəti üçün prosesi uğur olaraq təqdim edir. Bütün hallarda qeyd edir ki, əsirlərin qaytarılması çox böyük müvəffəqiyyətdir. Hətta onu prioritet elan edir. Düşünürəm ki, bu cür xarici siyasət qurmaq Paşinyan üçün uyğundur. Erməni cəmiyyətinə mesaj verir.
Amma təəssüf ki, o ismarışlardan qaynaqlanan, təsirlənən Azərbaycan cəmiyyəti də var. Xalqımız başa düşməlidir ki, bu məsələlər Ermənistan üçün hansısa uğur indikatoru ola bilməz. Ərazi bütövlüyümüzü pozacaqları təqdirdə ordumuz erməni əsgərlərini ram edə bilər. Bu baxımdan məsələ üzərindən qurulacaq platforma, körpü və razılaşmalara daha böyük ehtiyac var.
Həmin o uğurlu mübadilənin nəticəsidir ki, iki azərbaycanlı hərbçi dumanlı şəraitdə yolu azıb, əks tərəfə keçib. Nəticə olaraq dəmiryolu əlaqəsi ilə bağlı prinsipial razılaşmalar əldə olunub”.