Ərdoğan nöqtəni qoydu

Müxalifətin israrla növbədənkənar seçki çağırışı baş tutmayacaq

Türkiyədə hakimiyyət boşluğu yoxdur, tam əksinə, çox güclü hakimiyyət, idarəetmə mövcuddur


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında son günlər ciddi müzakirə olunan növbədənkənar seçki müzakirələrinə nöqtə qoyub. Ərdoğan birmənalı bildirib ki, növbədənkənar seçkilər keçirilməyəcək. Türkiyə lideri prezident və parlament seçkilərinin qanunla müəyyən olunmuş vaxtda keçiriləcəyini vurğulayıb: “Türkiyə hüquq dövlətidir. Hansı tarix müəyyən edilibsə, seçki həmin tarixdə keçiriləcək”. 

Qeyd edək ki, lirənin dollar qarşısında həddindən artıq dəyər itirməsi hökuməti ciddi tənqid hədəfinə çevirmişdi. Müxalifət lirənin ucuzlaşmasını iqtisadi böhran kimi dəyərləndirərək hökumətin istefasını istəyir, ən yaxın zamanda növbədənkənar seçkilərin keçirilməsini tələb edirdi. Məlumat üçün onu da qeyd edək ki, Ərdoğan dolların kəskin bahalaşması ilə bağlı hökumətin ötən gün keçirilən iclasında mühüm qərarlar açıqlayıb. Prezident bəyan edib ki, dolların bahalaşmasının qarşısını almaq üçün müvəqqəti xarakter daşıyan bir sıra qərarlar yaxın günlərdə tətbiq ediləcək. Türkiyə lideri deyib ki, bəzi qüvvələr Türkiyədə böhran yaratmağa və özlərinə yaxın qüvvələri iqtidara daşımağa çalışırlar. 

Türkiyədə müxalifətin növbədənkənar seçki tələbləri ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, qardaş ölkədə iddia edildiyi kimi hakimiyyət boşluğu yoxdur. Analitikin fikrincə, əslində Türkiyədə ciddi iqtisadi böhran da yaşanmır: 

“Lirənin ucuzlaşması Türkiyə üçün düşünülmüş, süni şəkildə yaradılmış qlobal layihənin tərkib hissəsi idi. Türkiyədə qlobal maliyyə mərkəzlərinin idarə etdiyi xüsusi şirkətlər, biznes qurumları var. Onlar zaman-zaman öz kapitallarını məqsədyönlü şəkildə geri çəkir, ölkədə qəsdən dollar qıtlığı yaradırlar. Bu da lirənin qiymətdən düşməsinə səbəb olur. İndiyə qədər bankların yüksək faizləri fonunda xarici şirkətlər və kənardan idarə olunan “yerli” biznes qurumları milyardlarla dollar haqsız qazanc əldə ediblər. Türkiyə hökuməti bu yaramaz mexanizmi aradan qaldırmağa çalışır və bunun da qarşısında duran məhz prezident Ərdoğandır. Hökumət bu addımları ilə milyardlarla dollar vəsaitin əldən çıxmasına mane olmaqla yanaşı, həm də qlobal maliyyə şəbəkələrinin ölkə üzərindəki təsir imkanlarını sıfıra endirib. Ərdoğanın biznes şəbəkələrinə qarşı haqlı mübarizəsindən narahat olan güclər lirəni kəskin ucuzlaşdırmaqla ölkədə etiraz yaratmağa çalışır. Ən əsası isə müxalifəti təhrik edərək məsələni siyasi müstəviyə daşıyırlar. Bununla AKP hökumətinə təzyiq göstərmək niyyəti güdürlər. Müxalifətin israrla növbədənkənar seçki çağırışı bununla bağlıdır. Təlimatı canla-başla yerinə yetirən müxalif kəsim, guya, hökumətin iqtisadi böhrana səbəb olduğunu və qarşısını almaqda aciz qaldığını təbliğ edərək Ərdoğanın nüfuzunu aşağı salmağı hədəfləyirlər. Ancaq bunların hamısı mənasız cəhdlərdir. Türkiyədə hakimiyyət boşluğu yoxdur, tam əksinə, çox güclü hakimiyyət, idarəetmə mövcuddur”.