Türkiyə çeçen xalqına həmişə sayğı göstərib

Putinin “şilləvuranına” çevrilmiş Ramzan Kadırov kimi şəxslər bunu anlaya bilməz

Ötən həftə Türkiyənin Kocaeli şəhərində keçmiş çeçen komandir Cövhər Dudayevin adını daşıyan parkın açılışı olub. Çeçenistan rəhbəri Ramzan Kadırov buna çox sərt reaksiya verib. O, Türkiyə hakimiyyətini Rusiyada cinayət törədən terrorçuları dəstəkləməkdə ittiham edib. Hətta Rusiya XİN-i bu ölkəyə qarşı diplomatik tədbirlər görməyə çağırıb. Kadırov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da terrorçular barədə qərar vermək tələbi ilə müraciət edib: 

“Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alacaqsınız, ya da Rusiyanın arxasından iş görməyən şəffaf və dürüst münasibətlərin tərəfdarı olacaqsınız”. 
Kadırov qeyd edib ki, terrorçular Türkiyədə sığınacaq tapıb, açıq şəkildə tədbirlər keçirib, parka terrorçunun adının verilməsini istəyirlərsə, Çeçenistan da buna qarşılıq verə bilər: “Məsələn, bu halda Kürdüstan Fəhlə Partiyasının (PKK terror təşkilatı - red.) qurucusu, Türkiyədə həbs cəzası çəkən Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi bizim tərəfdən olduqca siyasi və məntiqli addım olardı”.

Ramzan Kadırovun Türkiyəni təhdid etməsinə münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti Şərqin və türk-islam dünyasının azadlıq məkanıdır. Partiya rəsmisi bildirib ki, Türkiyə hər zaman çeçen xalqının azadlıq savaşına açıq və gizli dəstəyini göstərib: 

“Bu fakt hər bir çeçenin dəyərləndirdiyi və heç vaxt unutmadığı reallıqdır. Rus işğalına qarşı mübarizənin lideri, Qafqazın qəhrəmanlıq simvollarından biri olan Cövhər Dudayevin adına park salınması da çeçen xalqına göstərilən sayğıdır. Putinin “şilləvuranına” çevrilmiş Ramzan Kadırov kimi şəxslər bunu anlaya bilməz. Kadırov da, Kreml də unutmasın ki, hər şeyə rəğmən, çeçen xalqı içində azadlıq yanğısını hələ də qoruyub saxlayır. Qafqazın bu mübariz xalqı öz torpağında Öcalan kimi uşaq qatili terrorçuya heykəl qoyulmasını həzm etməz. Türkiyə bu cür təhdidlərə boyun əyəcək bir ölkə deyil”.