Marşrut daha tez ərsəyə gələcək

Ermənistan Azərbaycanla dəmir yolunun çəkilişini reallaşdırmağa tələsir

Paşinyan yararsız ölkəsini regional habın bir hissəsinə çevirməkdə maraqlı görünür

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan üçtərəfli İşçi Qrupunun Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılmasını müzakirə etdiyini deyib. Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyanın açılması məsələsi olub: “Mövcud infrastrukturdan istifadə etməklə gerçəkləşdirilə biləcək hər hansı kommunikasiya xəttinin açılması imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi hələ deyə bilmərəm”. Qriqoryan vurğulayıb ki, Türkiyə ilə dəmir yolu xəttinin bərpası hələlik heç bir detala varmadan konseptual səviyyədə müzakirə edilir. 

Ötən gün Gürcüstanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan da bildirib ki, qarşılıqlı razılaşmaya əsasən, Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi 2-3 il ərzində başa çatdırılmalıdır. Baş nazir həmçinin, avtomobil yolu əlaqəsinin də bərpa olunacağını deyib. Vurğulayıb ki, 340 kilometrlik dəmir yolunun yalnız 45 kilometri Ermənistan ərazisindən keçir və bu 45 kilometrlik xəttin inşasına, yaxud bərpasına 200 milyon dollar vəsait sərf olunacaq. 

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, dəmir yolunun çəkilişi relyefdən asılı olaraq, çətin, vəsait və vaxt tələb edən bir prosesdir. Analitikin sözlərinə görə, dəmir yolu marşrutunun 295 kilometrinin Azərbaycan ərazisindən keçdiyini, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin sürətini nəzərə alsaq, bəhs edilən dəmir yolunun daha tez ərsəyə gələcəyini təxmin etmək mümkündür: “Ermənistanın baş nazirinin “200 milyon dollar”dan dəm vurmasını təsadüfi saymıram. Mesajın ünvanlandığı istiqamət tam bəlli olduqdan sonra prosesin inkişaf dinamikası barədə fikir söyləmək mümkün olacaq.

Nikol Paşinyanın Gürcüstanda Azərbaycanla Ermənistan arasında avtomobil yolunun işə salınmasından danışması da maraq doğurur. Diqqət çəkən məqam isə baş nazirin “Şimal-Cənub” yolunun Ermənistan-İran sərhədindən Gürcüstan-Ermənistan sərhədinə qədər olan hissəsi ilə bağlı söylədikləridir. Nikolun mülahizələrinə görə, Azərbaycanla avtomobil nəqliyyatı əlaqəsi barədə razılaşmanın mümkün olacağı təqdirdə bu layihə, yəni “Şimal-Cənub” yolu “Şimal-Cənub”, “Şərq-Qərb” marşrutuna çevriləcək.

 Ermənistanın baş nazirinin mülahizə və iddialarından belə anlaşılır ki, Azərbaycanla avtomobil yolu əlaqəsi qurulacağı təqdirdə, yük daşınmalarının bir hissəsi Ermənistan ərazisindən, Paşinyanın “Şimal-Cənub” adını verdiyi yol üzərindən həyata keçiriləcək. Beləliklə də sözügedən yol həm də “Şərq-Qərb” marşrutunun bir hissəsinə çevriləcək.

 Halbuki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin ən qısa, iqtisadi baxımdan ən rentabelli marşrutları Azərbaycan ərazisindən keçir. Azərbaycanın logistik imkanları da bu marşrutlar arasında sinerjinin yaranmasına imkan verir. Belə olduğu təqdirdə, Ermənistanın heç bir iqtisadi əsas olmadan “tranzit ölkəyə” çevrilməsinə də ehtiyac qalmır. Görünür, Nikol Ermənistanın olmayan imkanlarını yenidən piştaxta üzərinə çıxarmaqla, bu yararsız ölkəni regional habın bir parçasına çevirmək istəyir. 

Ola bilsin ki, dəmir yolunun tikintisinin və bərpasının 2-3 ilə başa gələcəyi barədə iddialar və “200 milyon dollarlıq” mesaj da rəsmi İrəvanın hələlik təktərəfli bazarlığının tərkib hissəsidir”.